Kim Çen Inın bacısı Cənubi Koreya prezidentini “axmaq” adlandırdı

Dünya

Kim Çen Inın bacısı Kim Yo Çjon Cənubi Koreya Prezidenti Yun Sok-Yol administrasiyasını tənqid atəşinə tutub və onları “axmaq” adlandırıb.

Bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər yayıb.

Bildirilir ki, Kim Çen Inın bacısının belə sərt reaksiyasına səbəb KXDR-in raket buraxılışını təxribat adlandıran Cənubi Koreya hökumətinin Pxenyana qarşı əlavə sanksiyaların tətbiqində israrlı olmasıdır.

Şimali Koreya liderinin bacısı qeyd edib ki, bu məsələdə Cənubi Koreyanı yalnız ABŞ dəstəkləyib və Seulu Vaşinqtonun “sadiq iti” adlandırıb.

“Bu iyrənc hərəkət Cənubi Koreya qruplaşmasının ABŞ-nin “sadiq iti” və marioneti olduğunu daha aydın göstərir. Mən hələ də Cənubi Koreya vətəndaşlarının Yun Sok Yol “hökuməti”nin və təhlükəli vəziyyət yaratmağa davam edən digər axmaqların bu cür hərəkətlərini passiv müşahidə etmələrinə təəccüblənirəm”, – deyə Kim Yo Çjon bildirib.

Xatırladaq ki, Şimali Koreya noyabrın 18-də Koreya yarımadasının şərqinə “Xvason-17” tipli qitələrarası ballistik raket buraxmışdı. Əməliyyata rəhbərlik edən KXDR lideri Kim Çen In raket buraxılışını izləməyə həyat yoldaşını və qızını da aparmışdı.

Ümumilikdə KXDR ilin əvvəlindən bəri 34 raket buraxılışı həyata keçirib.

Mənbə: Yonhap

Spread the love