Özlərinə qarşı sanksiyaları əməkdaşlıqla yüngülləşdirən qonşularımız: “Ayıq-sayıq olmalıyıq” – FOTO

Dünya

Rusiya və İran sanksiyalardan yayınmaq üçün üç min kilometr uzunluğunda yeni ticarət dəhlizi yaratmağı hədəfləyiblər. Prosesin icrasına hər iki ölkə 25 milyard dollar civarında investisiya yatıracaq. Şərqi Avropadan Hind okeanına qədər uzanan dəhlizin məqsədi Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaqdır.

Son vaxtlar Rusiya-İran münasibətlərinin irəliləməsinə münasibət bildirən politoloq Teymur Qasımlı Oxu.Az-a açıqlamasında bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Federasiyası ilə İran Qafqazda mütəmadi olaraq müəyyən məsələlərdə əməkdaşlıq ediblər:

“Nə çar, nə bolşevik Rusiyası dövründə Rusiyanın İranla sıx əlaqəsi olub. Amma SSRİ dağıldıqdan sonra Rusiya ilə İran bir-birlərini sevib-sevməmələrindən asılı olmayaraq əməkdaşlıq etməyə məcbur qaldılar. Birinci əməkdaşlıqları ondan ibarət olub ki, Xəzər dənizinin bölüşdürülməsində köhnə statusun qalmasında maraqlı olublar və bunun üçün də oyunlar aparıblar.

Rusiya-Ukrayna müharibəsi başlayana qədər daha çox İranın Rusiyadan asılılıqları vardı. Çünki İrana təzyiqlər, sanksiyalar tətbiq olunurdu. 2022-ci il 24 fevraldan sonra isə Rusiya Ukraynada istədiyini əldə edə bilmədiyini və rüsvay olduğunu hiss edib özü İranla əməkdaşlıq etməyə məcbur qaldı. Hazırda iki ölkənin müttəfiqliyi birinci ümumən Qafqazda, ikinci Xəzər dənizindədir. Üçüncü istiqamətdəki əməkdaşlıqları çərçivəsində isə Rusiyaya qoyulan sanksiyaları İran, İrana qoyulan sanksiyaları isə Rusiya yüngülləşdirir”.

Daim nüvə silahı mövzusu ilə gündəmə gələn və Azərbaycana qonşu olan bu iki ölkənin əməkdaşlığının regiona nə vəd etməsi məsələsinə gəldikdə isə müsahibimiz qeyd edib ki, sıxlaşan bu əlaqədən heç də xoş nəticə gözləmək olmaz:

“Rusiya-Ukrayna müharibəsinə görə bu məcburi əməkdaşlıq daha da irəliləyib. Onun Qafqazda müəyyən təsir gücü ola bilər, amma dünya miqyasında, beynəlxalq arenada elə bir əhəmiyyəti yoxdur. Ancaq tarix boyu Azərbaycanın taleyi bu əməkdaşlıqdan asılı olub. Yəni bu əməkdaşlıq bölgədə sülh, əmin-amanlığın olub-olmayacağına birbaşa təsir göstərib. Ona görə də Azərbaycana qarşı müəyyən təhlükələri var, ayıq-sayıq olmalıyıq. Rusiya-İran əməkdaşlığı Qafqaza Qərbin gəlməsini əngəlləmək məqsədi də daşıyır. Həmçinin digər tərəfdən də Türkiyəyə qarşı yönəlib ki, onun Cənubi Qafqazda möhkəmlənməsinin qarşısı alınsın”.

Sayad Həsənli