Effektiv xarici siyasət və tərəfdaşlıq nümunəsi

Baş səhifə

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyası kimi mötəbər bir KİV-də müsahibəsinin yer alması mühüm hadisədir. Çünki “Euronews” televiziyası beynəlxalq ictimai rəyin formalaşdırılmasında ən fəal rol oynayan qlobal media qurumlarından biri kimi tanınır. Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycanın uğurlu təqdimatı və tanıtımı oldu. Azərbaycan həqiqətləri və ölkəmizin dünyada etibarlı tərəfdaş kimi qəbul olunması faktı “Euronews” üzərindən hamıya bəyan edildi. 

Müsahibədə həmçinin Azərbaycanın bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edildiyi qeyd olundu. Təsadüfi deyil ki, son iki ildə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında  fəal qarşılıqlı əlaqələr misli görünməmiş dərəcədə sıxlaşıb. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın da Azərbaycanda investisiyaları qarşılıqlı surətdə durmadan artır. SPECA Proqramına üzv olan və müşahidəçi qismində qatılan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var və biz bu əməkdaşlığın real nəticələrini görürük. Effektiv xarici siyasət nəticəsində Avropadan olan tərəfdaşlarımızla, müttəfiqlərimizlə də əlaqələrimiz durmadan genişlənir və bizim Avropa təsisatları ilə də münasibətlərimizin öz müsbət dinamikası var. Eləcə də, Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri də əsl həmrəylik və tərəfdaşlıq nümunəsi hesab edilə bilər. Bir sözlə, Cənab Prezident müsahibəsində “Euronews” auditoriyasının diqqətinə çatdırdı ki, Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasəti səmərəlidir. Və biz beynəlxalq arenada müstəqil siyasət yürütməyə bundan sonra da davam edəcəyik.

Prezident İlham Əliyevin xarici siyasətdə yaratdığı özünəməxsus və təkrarsız nümunənin bütün komponentləri, əslində vahid bir strategiyanın tərkib hissəsidir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində atılan addımlar, sadəcə ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə xidmət etməyib. Bütün bu layihələr ölkəmizin regional və qlobal miqyasda nüfuzunun artırılmasına və real təsir imkanlarına malik “yumşaq güc” amilinin formalaşdırılmasına xidmət edib. Bununla paralel olaraq, Azərbaycan Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələrlə də strateji tərəfdaşlıq haqqında müvafiq razılaşmalar imzalamaqla, öz mövqelərinin möhkəmləndirilməsinə nail olub. Ölkəmiz regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan bölgənin yeganə ölkəsidir ki, düşünülmüş nümunəvi daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi potensialını artırır, həm də regional təhlükəsizliyin təmini istiqamətində ardıcıl, sistemli və mətin addımlar atır. Prezident İlham Əliyevin irəli sürdüyü əməkdaşlıq platformaları regionda uzunmüddətli sabitliyin əsas qarantı hesab olunur. Belə ki, Azərbaycanın həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələri, regional inteqrasiya istiqamətində əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Azərbaycanın xarici siyasətində əsas prioritet istiqamətlərdən birini də məhz Qoşulmama Hərəkatına önəmli geosiyasi təşkil edir. Dövlət başçısı “Euronews”-ə müsahibəsində Qoşulmama Hərəkatının hazırda dünya siyasətində aparıcı aktorlardan birinə çevrilməsində Azərbaycanın oynadığı rolu barədə danışaraq bildirdi ki, artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Beynəlxalq birliyə daxil olan 200-dən artıq ölkənin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu da effektiv xarici siyasətin bariz nəticələrindən biridir. Prezident onu da vurğuladı ki, Azərbaycanın öz qonşuları ilə münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Yalnız torpaqlarımızı 30 il işğal altında saxlamış Ermənistanla hər hansı münasibətlər mövcud deyil. Ermənistanın havadarları bu gün də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, bölgədə dayanıqlı sülhün bərqərar olmasına fəal surətdə mane olurlar. Əfsuslar olsun ki, rəsmi İrəvan özü də bir çox hallarda Fransa kimi ölkələrin şirnikləndirici vədlərinə inanıb sülhü sabotaj etməyə cəhd göstərir. Lakin İlham Əliyev regionda və dünyada gedən prosesləri təcrübəli strateq kimi düzgün dəyərləndirərək Ermənistanın hazırkı rəhbərliyinə zamanın onların əleyhinə işlədiyini bildirdi.

Etibar Axundov,

Salyan Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir