Elmin, iqtisadiyyatın və bərpa olunan Azərbaycanın uğurlu inkişaf yolu

Baş səhifə


Azərbaycan elmi və ziyalılığı tarix boyu xalqımızın milli-mənəvi sərvətinin ayrılmaz tərkib hissəsi olmuşdur. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri misilsizdir. O, elm və təhsili cəmiyyətin inkişafının əsas sütunları kimi qiymətləndirmiş, hər zaman alimlərə, elmi müəssisələrə, gənc tədqiqatçılara xüsusi diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan Milli Elmlər Akademiyası yalnız elmi mərkəz deyil, eyni zamanda milli intellektin, dövlətçilik düşüncəsinin və strateji inkişaf ideyalarının məkanı kimi formalaşmışdır.
Ulu Öndər haqlı olaraq qeyd edirdi ki, “elmi tərəqqi olmayan yerdə milli tərəqqi də mümkün deyil”. Bu fikir bu gün də Azərbaycan dövlətinin elmi siyasətinin ideoloji əsasını təşkil edir. Məhz bu siyasi və mənəvi irsin layiqli davamçısı olan Prezident İlham Əliyev, elmin inkişafını və onun cəmiyyətin bütün sahələrinə inteqrasiyasını prioritet istiqamət kimi müəyyən etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə elmi tədqiqatların müasir tələblərə uyğun qurulması, ali təhsil və elmin inteqrasiyası, innovasiyaların tətbiqi, eləcə də gənc alimlərə dəstək istiqamətində mühüm addımlar atılmışdır. Elmi nailiyyətlərin iqtisadi və texnoloji proseslərə çevrilməsi, intellektual potensialın milli inkişaf strategiyasına xidmət etməsi bu siyasətin bariz nəticəsidir.
Azərbaycanın elmi ictimaiyyəti üçün əlamətdar bir hadisə – Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev çıxışı zamanı dövlət siyasətinin əsas mahiyyətini açıq və aydın şəkildə ifadə etmişdir: “Bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir.” Bu sözlər sadəcə iqtisadi göstəricilərə verilmiş qiymət deyil, həm də milli gücün, elmi-texnoloji potensialın və strateji uzaqgörənliyin təcəssümüdür. Güclü iqtisadiyyat ölkənin suverenliyinin, azadlığının və dayanıqlı gələcəyinin təminatıdır. Məhz bu iqtisadi güc sayəsində Azərbaycan bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir, yeni şəhərlər, müasir infrastruktur və ağıllı kənd konsepsiyaları formalaşdırır.
Prezident İlham Əliyev çıxışında xüsusilə vurğulamışdır ki, “Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox geniş miqyaslıdır.” Bu bəyanat Azərbaycanın gələcək inkişafının yaşıl enerji modeli üzərində qurulduğunu təsdiqləyir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən günəş və külək enerjisi layihələri təkcə enerji təhlükəsizliyi baxımından deyil, həm də ekoloji sabitliyin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizənin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Hazırda Azərbaycanın enerji xəritəsində Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər kimi bölgələr bərpaolunan enerji mərkəzlərinə çevrilir. Xarici investorlarla birgə icra edilən bu layihələr təkcə regionun deyil, bütövlükdə ölkənin iqtisadi potensialına yeni nəfəs verir. Elm və texnologiya bu prosesdə əsas aparıcı qüvvə kimi çıxış edir – mühəndislik yenilikləri, geoloji tədqiqatlar, rəqəmsal idarəetmə sistemləri və resursların elmi əsaslarla səmərəli istifadəsi Azərbaycanın “yaşıl inkişaf” yolunu daha da sürətləndirir.
Prezidentin çıxışında diqqət çəkən digər mühüm məqam belə idi: “Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır.” Bu cümlə Azərbaycanın elmi əsaslara söykənən yenidənqurma siyasətinin göstəricisidir. Geoloji araşdırmalar yalnız torpağın təbii sərvətlərinin müəyyənləşdirilməsi deyil, həm də bərpa işlərinin planlı və davamlı şəkildə həyata keçirilməsi üçün elmi bazanın formalaşdırılması deməkdir. Bu tədqiqatlar gələcəkdə sənaye, kənd təsərrüfatı, turizm və enerji sektorlarının hərtərəfli inkişafına xidmət edəcək.
Bir sözlə, Azərbaycan bu gün elmə əsaslanan iqtisadiyyat, innovasiyaya söykənən sənaye və yaşıl enerji konsepsiyası ilə yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkə həm elmi, həm iqtisadi, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelini uğurla həyata keçirir. Elmin və biliklərin dövlət siyasətinə bu səviyyədə inteqrasiyası Azərbaycanı regionda müasir, innovativ və texnoloji lider ölkə statusuna yüksəldir. Elm artıq yalnız nəzəri bilik sahəsi deyil, eyni zamanda iqtisadi gücün, milli təhlükəsizliyin və dövlətin gələcək inkişafının təminatçısıdır.

Qüdrət Hüseynov,
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühasibi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir