Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərdi ki, ölkənin rəqəmsal transformasiyası yalnız texnoloji təşəbbüs deyil, mövcud iqtisadi və enerji potensialına söykənən strateji mərhələdir. Dövlət başçısı xüsusilə vurğuladı ki, transmilli böyük şirkətlərlə iş təcrübəmiz Azərbaycanın ən mühüm üstünlüklərindən biridir və bu üstünlük yeni rəqəmsal inkişaf mərhələsində həlledici rol oynamalıdır.
Azərbaycan son 20 ildə enerji generasiya gücünü təxminən iki dəfə artıraraq bu gün 10 min meqavat səviyyəsinə çatdırıb. Qaz, hidro, Günəş və külək elektrik stansiyalarının yaradılması ölkənin enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, əlavə potensial formalaşdırıb. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücünün mövcudluğu isə rəqəmsallaşma və data mərkəzlərinin qurulması üçün fundamental şərt hesab olunur. Çünki süni intellekt infrastrukturu və böyük həcmli məlumat bazalarının idarə olunması yüksək və fasiləsiz enerji təminatı tələb edir.
Azərbaycan yerləşdiyi geniş regionda enerji resursları ilə özünü tam təmin edən və eyni zamanda ixrac edən nadir ölkələrdəndir. Üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr və planlaşdırılan layihələr gələcəkdə generasiya gücünü daha da artıracaq. Dövlət başçısının da qeyd etdiyi kimi, bu üstünlükdən səmərəli istifadə olunmalıdır. Çünki ölkə daxilində sənaye istehsalının artımı, qeyri-neft sektorunun genişlənməsi və əhalinin artımı elektrik enerjisinə tələbatı yüksəldir. Təkcə cari ilin yanvar ayında qeyri-neft sənayesində təxminən 8 faiz artım qeydə alınması iqtisadi dinamikanın miqyasını göstərir. Bu inkişaf isə güclü enerji təminatına söykənməlidir.
Enerji infrastrukturu ilə paralel şəkildə fiber-optik bağlantıların qurulması Azərbaycanın rəqəmsal potensialını daha da artırır. Xəzər dənizinin Şərq sahillərinə doğru çəkilən fiber-optik kabel layihəsi ölkəni Şərq bazarları ilə daha sıx bağlayacaq, Qərb istiqamətində isə yeni bağlantıların yaradılması gündəmdədir. Enerji dəhlizlərinin zamanında necə strateji əhəmiyyət daşıdığı məlumdursa, indi rəqəmsal dəhlizlər də eyni əhəmiyyət kəsb edir. Mövcud infrastruktur bu transformasiya üçün real zəmin yaradır.
Azərbaycanın digər mühüm üstünlüyü isə dünyanın aparıcı texnologiya və maliyyə institutları ilə qurulmuş əlaqələrdir. Artıq bir neçə qlobal şirkətlə danışıqlar aparılıb, ölkənin rəqəmsal və enerji imkanları təqdim edilib. Eyni zamanda, dünyanın ən böyük maliyyə fondları ilə mövcud əməkdaşlıq yeni mərhələdə investisiya axınlarının genişləndirilməsinə imkan verir. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir qlobal maliyyə institutları ilə əməkdaşlıq edir və bu qurumlar vasitəsilə ölkənin valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Bu mexanizm qarşılıqlı etimad mühitini formalaşdırıb və artıq həmin fondlardan Azərbaycana investisiya cəlb edilməsi istiqamətində konkret layihələr üzərində iş aparılır.
Rəqəmsallaşma və süni intellekt sahəsində aparıcı şirkətlərin səhmlərinin bir hissəsinin böyük Amerika fondlarının sərəncamında olması da əlavə üstünlük yaradır. Bu baxımdan, Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev müşavirədə qeyd edib ki, bu sənəd tarixi xarakter daşıyır və rəqəmsal sahədə əməkdaşlıq üçün geniş imkanlar açır. Həqiqətən də, data mərkəzləri, süni intellekt və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq artıq institusional əsas qazanıb.
Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Avropa şirkətləri texnoloji baxımdan Amerika şirkətləri ilə tam rəqabət aparmasa da, əməkdaşlıq imkanları genişdir və bu istiqamətdə balanslı siyasət davam etdirilməlidir. Keçən il Çin Xalq Respublikası ilə imzalanmış hərtərəfli Strateji Tərəfdaşlıq sənədi isə Azərbaycanın qlobal güc mərkəzləri ilə çoxşaxəli əməkdaşlıq modelini tamamlayır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu gün dünyada nadir ölkələrdəndir ki, aparıcı güc mərkəzləri ilə imzalanmış strateji tərəfdaşlıq formatında çalışır. Dövlət başçısı açıq şəkildə bildirib ki, bu qədər üstünlüklərə malik olub onlardan istifadə etməmək qəbuledilməzdir. Məhz buna görə rəqəmsal inkişaf istiqamətində vahid koordinasiya mexanizminin yaradılması və konkret fəaliyyət planının hazırlanması artıq prioritet məsələ kimi müəyyən edilib.
Bir sözlə, Azərbaycanın enerji gücü, transmilli şirkətlərlə formalaşmış əməkdaşlıq təcrübəsi, qlobal maliyyə institutları ilə əlaqələri və geniş strateji tərəfdaşlıq şəbəkəsi rəqəmsal transformasiya üçün möhkəm baza yaradır. Yeni rəqəmsal arxitektura təsadüfi təşəbbüs deyil, uzun illər ərzində qurulmuş iqtisadi, enerji və diplomatik platformanın məntiqi davamıdır. Bu potensialın sistemli şəkildə səfərbər olunması Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda daha güclü mövqe tutmasına imkan verəcək.
Rəşad Tağızadə,
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru, YAP fəalı
