“Özünü buraxaraq, faktiki olaraq “intihar etmiş” bir rejimi diriltmək üçün, istər Ermənistan parlamentində, istərsə də xaricdəki erməni diasporu arasında cəhdlər görünür, lakin bütün bu cəhdlər mənasızdır”.
Bu sözləri “AzPolitika.info” saytına açıqlamasında Milli Məclisin üzvü, Ana Vətən Partiyasının lideri Fəzail Ağamalı deyib.
Partiya lideri son günlər Ermənistan cəmiyyətində və siyasi dairələrində separatçı rejimin varlığını saxlamaq üçün edilən çağırışları şərh edərkən deyib ki, bu, bəzi şəxslərin “işsiz” qalmasından irəli gəlir.
“Bəzi şəxslər hazırda “işsiz” qalıblar, maliyyə rıçaqları, yardım gələn kanalları əldən çıxmasın deyə, yeni variantlar düşünməyə çalışırlar. Məsələn, guya “mühacir hökumət” yaratmaqla, Azərbaycana təzyiq edəcəklərinə ümid edirlər. Amma bu, əks-nəticə verəcək. Ertmənistandakı türk düşmənliyi məlum məsələdir, amma bu cür davam etsə, Ermənistanın da dövlət kimi varlığı şübhə altına düşəcək. Azərbaycan Prezidenti Xankəndidəki meydanda fikrini aydın izah elədi. Bu gün Ermənistanın qarşısında bir yol var – o da, Azərbaycanla münasibətləri normallaşdırmaq”, – deyə F.Ağamalı vurğulayıb.
Deputatın fikrincə, “ölü” rejimi diriltmək cəhdləri Ermənistan hakimiyyətinin də maraqlarına cavab vermir: “Ermənistan hakimiyyəti hazırkı vəziyyətdə öz iqtisadi inkişafını təmin etməklə maraqlanmalıdır. Amma bəzi qüvvələrin bu cür avantürist addımları İrəvanı böyük bir risk qarşısında qoyur. Bu risk isə regionda Ermənistanın təklənməsi və izolyasiyasından başqa bir şey deyil. Ermənistan xalqı qonşulara qarşı ərazi iddiaları olmadan yaşamağı öyrənməlidir”.
Fəzail Ağamalının fikrincə, bu və digər fikirlər əsasən Fransadan gəlir: “Fransada olan erməni diasporu və Fransanın siyasi dairələri daim bölgəni gərginlikdə saxlamaq və özlərini müəyyən vaxtda “oyunçu” kimi ortaya atmaq üçün yeni-yeni ideyalar fikirləşirlər. Amma əminliklə deyə bilərəm ki, bu ideyalar da indidən məhvə məhkumdur”.
