Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 8 Noyabr–Zəfər Günü münasibətilə rayon əhalisini təbrik edib.
Əziz həmvətənlər, Sizi cənab Ali Baş Komandanın qətiyyəti, Ordumuzun rəşadəti, igidlərimizin cəsarəti sayəsində xalqımızın çoxəsrlik tarixinin şanlı səhifəsinin yazılmasının – Zəfər Gününün ikinci ildönümü münasibətilə təbrik edirəm.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın ən yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi, eyni zamanda, xalqımızın qələbə əzminin bir daha əyani təsdiqi oldu. 44 gün davam edən Vətən müharibəsində xalqımızın vətənpərvər, hünərli oğulları qəhrəmanlıq tariximizə yeni-yeni səhifələr yazdılar. Onlar Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edərək, 30 illik həsrətə son qoydular.

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu tarixi gerçəklikdir ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin çox böyük rolu olur. Məhz cənab Ali Baş Komandanın ətrafında sıx birləşən igid oğul və qızlarmızın cəsarəti nəticəsində Bu gün Şuşa azaddır, Zəngilan azaddır, Cəbrayıl azaddır, Ağdam, Füzuli, Qubadlı və illərdir ki, bizi gözləyən, bizi səsləyən Qarabağımız azaddır.
Haqq yürüşümüzün ən mühüm səhifəsi isə Şuşanın işğaldan azad edilməsi idi. Cənab Ali Baş Komandanın qeyd etdiyi kimi, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutdu. bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.
Bəli, Şuşa 28 il 6 aydan sonra düşmən işğalından qurtuldu. Mədəniyyət beşiyi füsunkar Şuşamızın düşmən tapdağından azad edilməsilə bayram bayrama qarışdı, sevinc göz yaşları selə döndü. Bütün Azərbaycan və bütün türk dünyası sevincə qərq oldu. Xalqımızın 28 illik gözləntiləri, arzu və istəkləri reallığa çevrildi. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan qədim Şuşamızın gözü aydınlaşdı.
Təbii ki, sözügedən hərbi əməliyyatlar, istər düşmən təxribatının qarşısını almaq üçün həyata keçirilən əks – hücum əməliyyatları, istərsə də Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlar böyük cəsarət və hərbi güc tələb edirdi. Azərbaycan oğulları, o cümlədən doğulduğu Biləsuvar rayonunun adını qəhrəmanlar diyarı kimi tarixə yazdıran igid Biləsuvar oğulları Qarabağ uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərmişdir. Həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı Biləsuvar rayonundan olan döyüşçülər öz qəhrəmanlıqları ilə ad qazanmışlar. Minlərlə gənc biləsuvarlı vətən torpaqlarının müdafiəsi və düşməndən azad olunması uğrundakı savaşlara qatılmış, döyüş əzmi, şücaətləri ilə daim nümunə olmuşlar.
Allahdan vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
“Zəfər” bayramınız mübarək!
Səmil Şahlaroğlu
