Füzuli rayonu tarixən Azərbaycanın ən məhsuldar və zəngin bölgələrindən biri olub. Bu torpağın hər qarışı həm təbiəti, həm də zəhmətkeş insanları ilə seçilib. Əkin-biçinlə, bağçılıqla, heyvandarlıqla məşğul olan füzulililər uzun illər boyu öz zəhmətləri ilə rayonu iqtisadi cəhətdən güclü bölgələrdən birinə çeviriblər. Burada məktəblər, xəstəxanalar, mədəniyyət evləri, sənaye müəssisələri fəaliyyət göstərib. Füzuli şəhərinin küçələrində həyat qaynayır, kəndlərində bolluq hökm sürürdü.
Lakin 1993-cü ildə Ermənistanın təcavüzü nəticəsində Füzuli rayonunun 90 faizdən çoxu işğal olundu. Onlarla yaşayış məntəqəsi, minlərlə ev, yüzlərlə sosial obyekt yerlə-yeksan edildi. Qədim abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlarımız viran qoyuldu. Əhali isə doğma yurdundan didərgin düşərək illərlə qayıdış həsrəti ilə yaşadı.
Amma 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər bu həsrətə son qoydu. Füzuli şəhəri 17 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Həmin gün təkcə bir şəhərin deyil, həm də bir xalqın qüruru, şərəfi və ümidləri azadlığa qovuşdu. Bu gün isə biz Füzulinin yeni tarixini – onun dirçəliş dövrünü yaşayırıq.
Füzuli artıq azadlıqdan sonrakı beş il ərzində tamamilə yeni simaya qovuşub. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi: “Biz Füzulini əvvəlkindən də gözəl, müasir və rahat şəhərə çevirəcəyik.” Bu sözlər artıq reallığa çevrilir.
2023-cü ilin may ayında Prezident İlham Əliyevin Füzuliyə səfəri rayonun inkişaf yolunda mühüm başlanğıc mərhələsi oldu. Həmin gün Pirəhmədli və Dədəli kəndlərinin təməli qoyuldu, Füzuli-Hadrut avtomobil yolu istifadəyə verildi. Eyni zamanda, şəhərin daxili yol və küçə şəbəkəsinin, yaşayış kompleksinin, içməli su və kanalizasiya sistemlərinin təməli qoyuldu. “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi istifadəyə verildi. Bu layihələr bir daha göstərdi ki, Füzuli yenidən qurulur — həm texnoloji, həm də sosial baxımdan tam müasir bir şəhər kimi. Həmin səfərdə Prezident İlham Əliyev vurğulamışdı:
“Biz buraya həyat qaytarırıq. Burada yaşayacaq insanlar ən yüksək səviyyədə şəraitlə təmin ediləcək.”
Bu ardıcıl və məqsədyönlü siyasət ilin sonrakı aylarında da davam etdi. 2023-cü ilin 23 avqustunda Prezident İlham Əliyev qardaş Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında qarşılandı. Həmin gün Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb açıldı, şəhər yaşayış kompleksində yaradılan şəraitlə tanışlıq aparıldı, Füzuli şəhərinin Baş planı təqdim olundu. Prezident həmin görüşdə bildirdi: “Füzuli bərpa olunur, bu torpaqlarda həyat yenidən başlayır. Hər bir füzulili tezliklə öz doğma evinə qayıdacaq.”
2023-cü ilin 16 oktyabrında Prezident İlham Əliyev Cuvarlı və Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının və inzibati binanın təməlini qoydu. Bu, şəhərin sosial həyatının tam bərpasına yönəlmiş növbəti mərhələ idi. Ertəsi gün – 17 oktyabrda, yəni Füzuli Şəhəri Günündə Prezident İlham Əliyev şəhərə köçmüş sakinlərlə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. O, çıxışında dərin səmimiyyətlə dedi: “Siz artıq öz evlərinizdəsiniz. Füzuli dirçəlir, bura həyat qayıdır. Biz sizin üçün ən müasir, gözəl şəhəri qururuq.”
8 noyabr 2023-cü ildə Qarğabazar kəndində təməlqoyma mərasimi keçirildi. Bu, kəndlərin bərpası prosesində daha bir əlamətdar addım oldu. 12 mart 2024-cü ildə isə Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev birgə Füzuliyə səfər etdilər. Həmin gün Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu, Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanışlıq aparıldı. Bu, Füzulidə təhsil, səhiyyə və mədəniyyətin eyni anda bərpa olunduğunu göstərən simvolik hadisə idi. Prezident bu səfər zamanı bir daha xalqımıza müraciət etdi: “Biz azad etdiyimiz bu torpaqlarda həyatın bütün sahələrini bərpa edirik. Hər bir layihə – sizin rahatlığınız, sizin gələcəyiniz üçündür.”
Bəli, bu gün Füzuli yalnız yenidən qurulan bir şəhər deyil, həm də milli iradəmizin, dövlətimizin gücünün təntənəsidir. Bu şəhərdə atılan hər bir təməl, açılan hər bir müəssisə Azərbaycanın gələcəyinə inamın göstəricisidir. Füzuli artıq bərpa prosesindən inkişaf mərhələsinə qədəm qoyub. Burada yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri, yaşayış binaları, inzibati mərkəzlər ucalır. Hər bir füzulilinin qəlbində ümid, qürur və qayıdış sevinci yaşayır. Prezident İlham Əliyevin dediyi kimi: “Füzuli şəhəri bizim qürur mənbəyimizdir. Burada görülən işlər Azərbaycanın gücünü, xalqımızın öz torpağına olan sevgisini nümayiş etdirir.” Bu gün həmin sevgi, həmin inam Füzulinin hər daşında, hər binasında, hər yeni çəkilən yolda əks olunur. Füzuli – azadlığın, dirçəlişin və gələcəyə inamın rəmzidir!
Əlişir Əliyev,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi, YAP fəalı
