Gəncədə növbəti səyyari qəbul keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hər həftə vətəndaşlarla görüşür, onları narahat edən problemlərin istiqaməti həllində müvafiq tapşırıqlar verir. Gəncə şəhər 3 saylı tam orta məktəbdə baç tutan görüşdə Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmilərlə birgə, məktəbdə şəhidlərin xatirə lövhəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Açıq mikrofon” şəraitində keçirilən görüşdə sakinlər problemlərini, müraciət və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında su və çirkab su xətlərinin çəkilişi, küçə işıqlandırılması sisteminin qurulması, işlə təminat, şəhərin bir sıra ərazilərində ATM-lərin quraşdırılması, əlilliyin müəyyən edilməsi və sair məsələlər üstünlük təşkil edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qeyd edəki ki, məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etmək olan səyyar görüşlər mütəmadi olaraq keçirilir.









www.102info.az
