Gənc intellektlərin mübarizə meydanı: “Teknofest” – FOTO

Cəmiyyət

26-29 may tarixlərində Bakıda “TEKNOFEST Azərbaycan” festivalı keçiriləcək.

Yəqin ki, şəhərin mərkəzi küçələrində, KİV-də, sosial mediada Bakıda “Teknofest”in keçiriləcəyi haqda xəbərə tez-tez rast gəlirsiniz. Bəs “Teknofest” nədir? Bu festival əyləncə məqsədilə təşkil olunur, yoxsa buna elmi (zehni) zərurət yaranıb?

Müasir və innovativ texnologiyaların təqdim olunduğu, startapların ideya meydanında bir-biri ilə mübarizəyə başladığı “Teknofest” festivalı Azərbaycanda ilk dəfə 26-29 mayda keçiriləcək. Bu nüfuzlu tədbirin təşkilatçıları Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyidir.

“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. 2018-ci ildən Türkiyədə ənənəvi olaraq hər il keçirilir. Böyük iştirakçı və tamaşaçı izdihamı ilə müşahidə olunan festivalda türklər “gələcəklə tanış olurlar”. Təsadüfi deyil ki, bütün dünyanın marağına səbəb olan “Bayraktar” pilotsuz uçuş aparatı məhz ilk dəfə “Teknofest”də təqdim olunmuşdu.

“Teknofest” ildən-ilə böyüdü, ölkə sərhədlərini aşdı və qısa müddətdə dünyanın ən iri texnologiya festivalı statusunu qazandı.

“Teknofest” Azərbaycana nə verəcək?

Müasir dünyanın çağırışları tam fərqlidir. Rəqəmsal inkişaf insan əqlinin limitsizliyi, imkanların sərhədsizliyi və həyat keyfiyyətinin yüksəldilməsinə bilavasitə təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycan da müasir çağırışlara önəm verərək təxirəsalınmaz və zəruri addımların atılmasını sürətləndirdi. Müasir innovasiyalar məkanının qurulması Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində əksini tapdı. Rəqəmsal transformasiya istiqamətində bir sıra addımlarla yanaşı, bu prosesi həyata keçirəcək insan kapitalının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilməyə başladı.

Oxu.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, nazirlik İKT sahəsində təhsillə bağlı tərəfdaşlarla birgə vacib layihələrə start verdi.

Bu sahədə altı laboratoriya, o cümlədən Süni İntellekt Laboratoriyası yaradıldı. Ötən il start verilən “Technest” təqaüd proqramı çərçivəsində 600-dən artıq yeniyetmə və gənc peşəkar kurslara cəlb olunub.

Bu addımlar gənc ixtiraçılar, həvəskar texnoloqlar, startaplar və İKT personalı üçün fərqli və yeni imkanlar açmaqdadır. “Teknofest” festivalının Azərbaycana gətirilməsi üfüqləri daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edir.

Fikirlərin dəyərlidir, arzuların isə real!

“Teknofest”in təşkili gənclərə “fikirlərin dəyərlidir, arzuların isə real” mesajını verir. Belə ki, layihə yeni nəsildən ideyaların toplanması və onların dəyərləndirilməsi, hətta ən imkansız görünən xəyalın belə gerçəkləşdirilməsi məqsədi daşıyır. Burada gənc beyinlər aviasiya, kosmik və texnoloji sahədə yarışmaqla qarşılıqlı ideya və təcrübə mübadiləsinə qoşulurlar. Elm adamları, mentorlar, mütəxəssislər, bu sahəyə investisiya yatırmağa meyilli olan sahibkarlar təqdim olunan ideyaları təhlil edərək gənc dahiləri (ixtiraçılar) aşkar edirlər.

Bu isə gələcəyə birbaşa sərmayə deməkdir. Bu günün şagirdi, tələbəsi və startaplarının yaxın gələcəkdə NASA, “SpaceX”, “Meta” kimi nüfuzlu şirkətlərdə çalışacaqları ehtimalını irəli sürmək heç də çətin deyil. Bəlkə, sadaladığımız şirkətlərin analoqlarını gələcəkdə Azərbaycanda məhz bu gənclər yaradacaqlar.

Festivalın miqyasına gəldikdə, əminliklə demək olar ki, Azərbaycanda ilk dəfə belə mütərəqqi və kütləvi marağa səbəb olan texnologiya festivalı təşkil edilir. Bu, həmçinin son illərdə ölkəmizdə yeni kök salan və inkişaf edən startap ekosisteminə böyük təkan verəcək.

Aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrdə təhsil alan, xüsusi bilik və bacarıqlara malik gənc mühəndislərin belə geniş imkanlı platformalarda iştirakı elm, təhsilin inkişafı baxımından da xüsusi önəm daşıyır. “Teknofest” çərçivəsində səkkiz texnoloji müsabiqə və üç beynəlxalq tədbir keçiriləcək. Artıq bütün müsabiqə və kateqoriyalar üzrə layihələrin qəbulunu yekunlaşdıran festival nümayiş mərhələsinə doğru yol alıb. Arzu və ideyalarını reallaşdırmağa qədəm qoyan komandaları qarşıda daha rəqabətli və məsuliyyətli dövr gözləyir.

Müsabiqəyə qatılanlar arasında ölkəmizin ümumtəhsil və ali təhsil müəssisələrini təmsil edənlər, elmi-tədqiqat institutlarının startapları yer alır. Nəzərə alsaq ki, festivalda iştirak üçün 1000 komanda, 5000-dək şəxs müraciət edib, deməli, “ən yaxşının yaxşısı olmaq” üçün xeyli səy göstərmək lazım gələcək.

Beynəlxalq miqyaslı tədbirlər

“Take Off Baku” Startap Sammiti: “TEKNOFEST Azərbaycan” çərçivəsində mayın 26-27-də keçiriləcək sammitin əsas məqsədi regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləməkdir. Beynəlxalq tədbirin məramı, həmçinin ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir.

Yerli və beynəlxalq startapların qatılacağı sammitdə investorlar və Vençur fondların nümayəndələri ən yaxşı innovativ layihələri də dəyərləndirəcəklər. Yarışda iştirak üçün 32 ölkədən 287 startap müraciət edib, onlardan 101-i Azərbaycanı təmsil edir. Münsiflər heyəti qalibləri son mərhələyə qalmış 50 startap arasından seçəcək.

“Smart Qarabağ” hakatonu: müsabiqə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Qarabağın bərpası, dirçəlişi prosesinə fayda vermək istəyən 78 proqramçı və texnologiya həvəskarı “Ağıllı şəhər” konsepsiyası üzrə öz yenilikçi həllərini ideya yarışına təqdim edib. Onlardan 57-si Azərbaycandan, 21 nəfəri isə Türkiyədəndir.

“Əşyaların interneti”, “Süni zəka”, “Maşın öyrənilməsi”, “Bulud” və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçirilən “Smart Qarabağ” hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.

“Rocket League” üzrə Avropa çempionatı: populyar video oyunlar üzrə gənclər arasında keçirilən çempionatda Azərbaycan da daxil olmaqla Avropanın 25 ölkəsindən kiberatletlər üz-üzə gələcəklər. “Tekken” yarışında 25 atlet, “Rocket League” üzrə isə 16 komandada 48 iştirakçı mübarizə aparacaq.

Texnoloji layihələr

Festival çərçivəsində “Sosialyönümlü texnologiyalar”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Robotexnika”, “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “Peyk modelləşdirilməsi” və “Sailplaner” müsabiqələri üzrə bir-birindən maraqlı, innovativ layihələr təqdim olunacaq.

Təşkilatçılar vəd edirlər: maraqlı olacaq!

“TEKNOFEST Azərbaycan” çərçivəsində yaradılan innovativ layihələr 26-29 mayda “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində təqdim olunacaq. Festivalın proqramı olduqca əhatəli, maraqlı və əyləncəlidir.

Ziyarətçiləri festival məkanlarında bunlar gözləyir: uşaqlar üçün aerokosmik mövzulu şişmə əyləncə məkanı, “Külək tuneli”, 720 dərəcə uçuş simulyatoru, reaktiv kostyumla “havada uçan adam”, həmçinin “suda uçuş” şouları, led lampalı işıq saçan nağaraçıların paradı, lazer, müxtəlif transformer və robotların şouları. Eyni zamanda, hər gün Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarının təqdimatında Bakı səmasında yüksək pilotajlı aeroşou nümayiş olunacaq. 

Türkiyəli qardaşlarımızın təbirincə desək, festivalda “yox yoxdur”. Bir sözlə, “Teknofest” böyük həvəs və həyəcanla ziyarətçiləri ilə görüş gününü gözləyir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir