Gənclik – müstəqil Azərbaycanın bu günü və gələcəyi

Xüsusi Xəbər

Azərbaycan dövlətinin inkişaf strategiyasında gənclik hər zaman xüsusi yer tutmuşdur. Bu yanaşmanın ideoloji və siyasi əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış, müasir dövrdə isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ulu Öndərin “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri sadəcə bir çağırış deyil, bütöv bir dövlətçilik konsepsiyasının ifadəsidir. Bu konsepsiyanın mərkəzində sağlam, bilikli, yüksək mənəviyyata malik və vətənpərvər gəncliyin formalaşdırılması dayanır.
Ulu Öndər Heydər Əliyev gəncliyə münasibətdə hərtərəfli inkişaf prinsipini əsas götürürdü. Onun fikrincə, gənclər yalnız fiziki cəhətdən sağlam olmaqla kifayətlənməməli, eyni zamanda yüksək şüura, biliyə, əxlaqa, tərbiyəyə və elmə yiyələnməlidirlər. Bu keyfiyyətlər bir-biri ilə sıx bağlıdır və biri olmadan digərlərinin tam formalaşması mümkün deyil. Məhz belə gənclər güclü cəmiyyətin və möhkəm dövlətin əsasını təşkil edir.
Bu gün müstəqil Azərbaycan dövləti həmin ideyaların real nəticəsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitlik, təhlükəsizlik və davamlı inkişaf təmin edilmiş, gənclər üçün geniş imkanlar yaradılmışdır. Prezidentin vurğuladığı kimi, indiki gənclər azad, sabit və özünə güvənən ölkədə yaşayırlar. Bu amil gənclərin həm şəxsi inkişafı, həm də cəmiyyətə fayda verməsi üçün mühüm zəmin yaradır.
Müasir dövrdə gənclər qarşısında yeni çağırışlar və geniş perspektivlər mövcuddur. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü gənclər siyasəti, təhsil islahatları, idman infrastrukturlarının yaradılması, beynəlxalq proqramlarda iştirak imkanları gənclərin potensialını üzə çıxarmağa xidmət edir. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu imkanlardan düzgün və səmərəli istifadə etmək gənclərin öz məsuliyyətindən asılıdır. Gənclər yalnız hazır şəraitdən faydalanmamalı, eyni zamanda təşəbbüskar və fəal olmalıdırlar.
Azərbaycan gəncliyi bu gün həm öz gələcək həyat yolunu düzgün müəyyənləşdirməli, həm də dövlətə maksimum xeyir verməyi qarşısına məqsəd qoymalıdır. Bu, yalnız peşəkar uğur qazanmaqla deyil, cəmiyyətin sosial, mədəni və ictimai həyatında fəal iştirak etməklə mümkündür. Fəal vətəndaş mövqeyi, qanunlara hörmət, milli-mənəvi dəyərlərə bağlılıq müasir Azərbaycan gəncinin əsas xüsusiyyətləri olmalıdır.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan gəncliyi öz tarixini, milli dəyərlərini və dövlətçilik ənənələrini dərindən bilməli, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılan tarixi nailiyyətləri daim uca tutmalıdır. Bu şüur gənclərdə milli qürur hissini gücləndirir və onları daha məsuliyyətli vətəndaş kimi formalaşdırır.
Eyni zamanda, müasir dünya ilə ayaqlaşmaq, elmi biliklərə yiyələnmək və innovativ düşüncə tərzini inkişaf etdirmək də gənclərin əsas vəzifələrindəndir. Qloballaşan dünyada Azərbaycan gəncliyi həm milli kimliyini qorumalı, həm də beynəlxalq arenada ölkəsini layiqincə təmsil etməyi bacarmalıdır. Bu baxımdan, təhsil və elm sahəsində əldə edilən nailiyyətlər dövlətin gənclərə olan etimadının bariz nümunəsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan vətəndaşı olmaq fəxr ediləsi bir məqamdır. Bu fəxarət hissi gənclərin üzərində böyük məsuliyyət yaradır. Onlar əldə etdikləri bilik və bacarıqları yalnız şəxsi rifah üçün deyil, dövlətin inkişafı naminə də istifadə etməlidirlər. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilmək üçün gənclər daim öz üzərində işləməli, intellektual və mənəvi inkişafını davam etdirməlidirlər.
Bir sözlə, Azərbaycan gəncliyi bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt əsasında formalaşır. Sağlam düşüncəli, bilikli, əxlaqlı və fəal gənclik müstəqil Azərbaycanın ən böyük sərvətidir. Bu sərvətin qorunması və inkişaf etdirilməsi isə həm dövlətin, həm də hər bir gəncin qarşısında duran şərəfli və məsuliyyətli vəzifədir. Güclü gənclik güclü dövlətin, güclü dövlət isə firavan gələcəyin təminatıdır.

Səmra Əhmədova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir