8 Mart – qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi.
Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. ABŞ-ın bir çox müəssisələrində «həmkarlar ittifaqı» təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni «həmkarlar ittifaqı» təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq “seçki” hüququnu tələb edirdilər.
Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi.
Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar. Qadınlara həsr olunan bu möhtəşəm 8 mart bayramında məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasın!
Varid Əsgərov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı
Azərbaycanın Birinci xanımı dünya qadınlarına örnəkdir
8 Mart Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Azərbaycan qadını tarix boyu ictimai fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı, fədakarlığı və qəhrəmanlığı ilə seçilmişdir. Qadınlarımız ailə dəyərlərimizin formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişlər.
Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.
Qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Dövlət quruculuğu, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir.
Bu sahədə sədaqətli Vətən qızı, mübariz ictimai xadim, xeyirxah insan missiyasının daşıyıcısı olan xanımlar haqqında söhbət, təbii ki, cildlərə sığışmaz, onların ümumiləşmiş siması kimi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı və fəaliyyəti danılmazdır.
Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.
Dərin İftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti , ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti əsl örnəkdir. Məhz bu keyfiyyətlərə görə xalqımızın Mehriban qızına el-obanın sevgisi və rəğbəti tükənməzdir.
Əziz Mehriban xanımı və onun övladlarını ürəkdən təbrik edir, onlara xalqımızın tərəqqisinə xidmətdə uğurlar diləyirik.
Elçin Hüseynov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini
Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir
Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə Romada keçirilsə də indi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Bineyi – qədimdən Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
8 Mart – Qadınlar Günü hər il Azərbaycanda da rəsmi bayram kimi qeyd edilir. Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoymuş Ulu Öndər Heydər Əliyev hər zaman ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmaqla onların fəaliyyətinə geniş meydan yaradıb. Dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qadınların ictimai nüfuzunun artırılması, cəmiyyətdə rolunun yüksəldilməsi, gender siyasətinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan qadınları ölkənin inkişafına hər sahədə böyük töhfələr verirlər.
Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həllində qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.
Tarix boyu qadınlar haqqında əsərlər yazılıb, qadına sevgi motivi dünya incəsənətinin, xüsusən poeziyanın ilham mənbəyi olaraq bəşəri şedevrlər yaradıb, görkəmli şəxsiyyətlər zaman-zaman qadınlar haqqında bir-birindən fərqli və maraqlı fikirlər söyləyiblər.
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadın adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Xanımlarımızı əziz bayram münasibətilə təbrik edirəm!
Mirfaiq Azadov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı
Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.
Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahələrdə öz layiqli yerini tutması, cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirmişdir.
Ümummmilli Liderimiz Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Azərbaycan Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Analar və bacılar! Nə yaxşı ki, sizlər varsınız! Bayramınız mübarək olsun!
Səməd Rüstəmov,
Cəlilabad şəhər Mənzil İstismar Sahəsinin rəisi
Ən əziz tarixi gün – 8 Mart Beynəlxalq Qadınlar günü
Azərbaycan qadını əbədi gözəllik simvolu olmaqla yanaşı, dövlətin, cəmiyyətin, ictimai-siyasi həyatın, hər bir evin aynası, o evdəki həyatın mənası, ailənin dayağıdır. Azərbaycan qadınları müdrik hökmdar, cəsur sərkərdə, bacarıqlı diplomat, istedadlı şairə, sənətkar kimi tariximizdə iz qoyublar. Onlar bu gün cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb çağların sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından öncə səsvermə hüququ əldə etməsi, elm, mədəniyyət və başqa sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
8 martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində qadın olur – zəif, zərif, gözəl qadın… Qadınları qayğısız, diqqətsiz qoymayın, kişilər! Çünki bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etmişdir. Həmçinin ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncamı və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı ölkənin sosial-siyasi, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq məqsədi ilə imzalanmış mühüm dövlət sənədləri olmuşdur.
Bu gün Ulu Öndərimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qadın siyasəti daha geniş müstəvidə həyata keçirilir. Prezidentimiz qadınlarımıza yüksək qiymət verərək demişdir: “Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı Azərbaycan qadını atmışdır.
Bütünlükdə respublikamızda olduğu kimi rayonumuzun da sosial-iqtisadi və ictimai-siyasi həyatında qadınların böyük rolu vardır. Bu da ölkəmizdə gender bərabərliyinə tarixən göstərilən müsbət münasibətdən qaynaqlanır.
Əziz xanımlar! Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Fəttah Kərimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Cəlayir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi
