Dövlətin suverenliyinin təminatçısı onun ordusudur. Müstəqillik illərində ölkəmizdə ordu quruculuğu yolunda böyük nailiyyətlər əldə edilmişdir. Silahlı Qüvvələrimizin formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu illər ərzində ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Digər tərəfdən, Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı atılan addımlar orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin toxunulmazlığını şərəflə qoruyur.
Müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən ulu öndər Heydər Əliyev tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Ulu öndər deyirdi: “Mənim üçün hər bir əsgər, hər bir döyüşçü, hər bir zabit Azərbaycan vətəndaşlarının hər birindən daha da qiymətlidir, daha da yüksəkdir”.
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ulu öndər deyirdi: “Milli Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır”.
Ümummilli liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu işığıyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. Ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar ötən 20 ildə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Və məhz dünyanın ən güclü orduları sırasın da 50-ci yerdə olan Güclü, Qüdrətli ordumuz dünyaya Qalib ölkənin Qalib Ordusu olduğunu bir daha göstərdi. 30 il həsrətində olduğumuz «Qarabağ Azərbaycandır!» şüarımıza 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu və bir daha göstərdi ki, Azərbaycan ordusu regionda ən güclü orduya malik ölkə statusuna malikdir. Azərbaycanın əsgər və zabitləri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdilər.
Ümummilli Lider Heydər Əliyev çıxışlarında bildirirdi ki, güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır. Vətən müharibəsi bu fikri bir daha sübut etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə, 44 gündə həyata keçirilmiş hərbi əməliyyatlar Ordumuzun qüdrəti ilə yanaşı, ölkəmizin də gücünü bütün dünyaya göstərdi.
Vüqar Ağayev,
Salyan rayonu, YAP fəalı
