Qəbələdə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 mərkəzdə

Gündəm

AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) martın 13-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qəbələ rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Qəbələ rayonunda 5 mərkəz ayrılıb. Buraxılış imtahanları Qəbələ şəhərindəki 1, 2, 3, 4 və 5 saylı tam orta məktəblərdə təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və həmin vaxt buraxılış vərəqəsində göstərilib. İmtahan başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə, 1152 nəfər iştirak etdiyi imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 111 nəzarətçi-müəllim cəlb olunub. 92 zalda keçirilən imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir