“Azərbaycanın çevik siyasətinin real nəticələri ortadadır” – Aqil Məmmədov

Gündəm

“Bu gün dünyada yaranmış mürəkkəb və çətin geosiyasi şəraitdə belə Azərbaycan dövləti çevik, həmçinin, uğurlu siyasət aparır. Bu siyasətin real nəticələri isə ortadadır“.

Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkilinin sözlərinə görə Azərbaycan bölgənin əhəmiyyətli dövləti kimi regionda apardığı aktiv siyasətlə həm öz mövqelərini gücləndirir, həm də beynəlxalq kommunikasiyaların kəsişdiyi bir mərkəz olmaq imkanlarını daha da artırır: “Bu günlərdə İranla bağlanmış razılaşma – qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisə oldu. Sazişə əsasən Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xəttləri ilə birləşdiriləcək. Bu saziş Azərbaycan və İranın dövlət maraqlarına xidmət edən layihənin reallaşması üçün yeni mərhələnin başlanması deməkdir. Bu saziş ilə əslində Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi”.

İran ərazisindən keçəcək dəhlizin Ermənistan ərazisindən keçməli olan dəhlizi artıq kölgədə qoyacağı ilə bağlı fikirlərə münasibət bildirən A.Məmmədov deyib ki, dəhlizin Ermənistan ərazisindən keçməsi 10 noyabr bəyanatında əks olunub: “Bu müddəa Ermənistan üzərində bir öhdəlikdir və onu yerinə yetirməlidir. Çünki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən nəqliyyat xətti deyil, bu həmçinin, Azərbaycanın tarixi torpaqları üzərindən keçid əldə etməsi, cənab Prezidentin qeyd etdiyi kimi bizim yenidən tarixi torpaqlarımıza qayıtmağımızdır. Ona görə də, mən əminəm ki, bu dəhliz də açılacaq. Əgər Ermənistan bundan yayınsa, o zaman Laçın dəhlizi də eyni qaydada onların üzünə bağlana bilər. Bu saziş ilə Azərbaycan Ermənistanın da şıltaqlığını alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və yeni şəraitdə müzakirə etməli olacaq“.

Millət vəkilinin sözlərinə görə indiki çətin geosiyasi situasiyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və burada iki ölkə liderinin bir daha Şuşa Bəyannaməsini vurğlamaları bütün dünyaya mesaj idi: “Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində özünün təhlükəsizlik təminatlarını yaradır. Bu addımlar ölkəmizin və xalqımızın maraqlarına tam cavab verən ən doğru siyasətdir”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.