Dünya Su Resursları Günü ilə bağlı videokonfrans keçirildi – Fotolar

Gündəm

22 Mart – Dünya Su Resursları Günü ilə əlaqədar “Azərsu” ASC və qurum yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə” mövzusunda videokonfrans formatında müzakirələr keçirilib.

Bu barədə “102info.az”a ASC-dən bildirilib.

Məlumata görə, tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Rauf Zeyni bildirib ki, son illər müşahidə olunan iqlim dəyişiklikləri şirin su ehtiyatlarının azalmasına səbəb olub. Əksər dünya ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə olunan bu tendensiyanın təsirlərini azaltmaq üçün hökumət səviyyəsində kompleks tədbirlər görülür. Belə şəraitdə istehlakçıların sudan qənaətlə istifadəsi təşviq edilməlidir və bu işdə vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifələr düşür.

Konfransda çıxış edən iştirakçılar Azərbaycanın şirin su ehtiyatlarının dinamikası və gözləntilər, suvarma, sənaye və məişətdə su ehtiyatlarından səmərəli istifadə, onun təşviqi məsələlərindən ətraflı bəhs ediblər. Qeyd olunub ki, azalan su ehtiyatlarından inteqrasiyalı və səmərəli istifadə təbiətə, təsərrüfatlara mənfi təsirlərini minimuma endirməyə imkan verəcək.

Konfransda, həmçinin Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin icrası istiqamətindəki işlərin əhəmiyyətindən danışılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir