Jalə Əhmədova: “Azərbaycan-Litva biznes forumu mühüm əhəmiyyətə malikdir”

Gündəm

Mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə keçirilmiş Azərbaycan-Litva biznes forumu bir sıra mühüm məqamlarla yadda qaldı.

Nəzərə alsaq ki, ölkələrimiz arasındakı güclü siyasi münasibətləri var və biz artıq uzun illərdir ki, strateji tərəfdaşıq, bu baxımdan Litva Prezidentinin səfəri iki ölkə arasında fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirdi.
İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal işgüzar əlaqələr qurmaq üçün biznes forumlar yaxşı fürsətdir. Bundan başqa, birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri mühüm yer tutur.
Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda investorlar üçün əlverişli biznes mühiti mövcuddur, ölkəmizə on milyardlarla birbaşa xarici sərmayələr qoyulur. Bu baxımdan, xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. Çünki investisiya proqramları ilkin dövrdə əsasən neft-qaz sektoruna aid idisə, hal-hazırda investisiyalar bərpaolunan enerji sahəsini də əhatə edir və bu da müasir dövrün çağırışlarını özündə əks etdirir. Buna görə də, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prioritet məsələdir.
Məlumdur ki, Azərbaycan iqtisadiyyatında enerji sektoru ənənəvi olaraq aparıcı yerdə olub və bu, davam edəcəkdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi artıq yekunlaşıb.
Ölkənin inkişaf dinamikasının əsas göstəricilərinə nəzər salanda, görə bilərik ki, cari ilin dörd ayı ərzində Azərbaycan iqtisadiyyatı 7,2 faiz artıb. Qeyri-neft sektoru ilə bağlı vəziyyət isə daha sevindiricidir. Belə ki, burada artım 11,4 faizdir. İxrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb.
Məlum olduğu kimi, ölkələr arasında iqtisadi və digər əlaqələrin inkişafı üçün onlar arasında dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Bu baxımdan da ölkəmizdə lazımi şərait var. Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirinin tərkib hissəsi kimi, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq, müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları yaradıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və açıq dənizə çıxışı olmasa da, ölkəmiz önəmli nəqliyyat mərkəzinə çevrilib.
Sevindirici haldır ki, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz həm də neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir və bu gün Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür.
Müasir dövrdə Avropa istehlakçılarına əlavə enerji resursları mənbələrinin lazım olduğunu nəzərə alaraq, qeyd etmək lazımdır ki, bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Bu gün Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedicidir. Bunun üçün isə Azərbaycanda geniş imkanlar mövcuddur.

Jalə Əhmədova

Millət vəkili

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir