Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi

Baş səhifə

 

Azərbaycan xalqının yaddaşında daim yaşayan, unudulmaz izlər qoyan, xalqının başı üstündən qara buludları qovan Ümumilli Liderimiz Heydər Əliyev olmuşdur. Heydər Əliyev dünya tarixinə yüksək bəşəri keyfiyyətlərinə, qeyri-adi zəkaya, yüksək idarəetməyə malik, çox gözəl natiq kimi düşmüşdür. Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çox şaxəli irsi tükənməz ibrət məktəbidir. Ulu öndər 1923-cü ildə mayın 10-da Naxçıvanda sadə ailədə doğulub, boya-başa çatıb. Böyük dahi hələ gənc yaşlarından yüksək dövlət vəzifələri tutmuş, xalqının ağır yükünü öz çiyinlərində daşımışdır. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi uzun müddət ərzindəki əvəzolunmaz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya dövlətləri sırasında özünəməxsus layiqli yer tutmasına həsr olunmuşdur. Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsasını müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Yüksək qətiyyətlə və tam cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz sürətli inkişaf mərhələsinin və tariximizin ən şanlı dövrünü yaşamışdır. Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu həyata keçirmişdir. Məhz onun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan, sözünü demiş dövlətlərdən biridir.

Ölkənin tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi”. “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Ulu öndər Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Ulu öndər Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər.

 

 

 

Yalçın Abdullazadə

YAP Salyan rayon təşkilatının məsləhətçisi

Vətən Müharibəsi iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir