Hər il may ayının 10-da xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünü böyük ehtiram və minnətdarlıqla qeyd edir. Bu gün təkcə görkəmli dövlət xadiminin doğum günü deyil, eyni zamanda Azərbaycan tarixində dərin iz buraxmış müdrik bir rəhbərin xatirəsinin yad edildiyi əlamətdar gündür.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında ölkəmizin müstəqilliyi, sabitliyi və inkişafı naminə göstərdiyi misilsiz xidmətlərlə əbədi yer almışdır. Onun rəhbərliyi ilə ölkəmiz bir çox çətinliklərdən uğurla keçmiş, müstəqil dövlət quruculuğu yolunda əzmlə irəliləmişdir. XX əsrin sonlarında Azərbaycanın qarşılaşdığı taleyüklü məqamlarda Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti ölkəmizin gələcəyini müəyyənləşdirmişdir.
Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Onun ideyaları yalnız tariximizin parlaq səhifəsi kimi deyil, həm də bu günü və gələcəyi müəyyən edən mühüm prinsiplər kimi yaşayır. Müstəqil Azərbaycanın memarı kimi Heydər Əliyev, xalqın birliyinə, dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın bərpasına və beynəlxalq aləmdə nüfuzun artırılmasına yönəlmiş fəaliyyətilə hər zaman xatırlanır.
Bu əlamətdar tarix Ulu Öndərin zəngin irsinin daim yaşadığını, gələcək nəsillərə örnək olduğunu bir daha təsdiq edir. Onun siyasi irsi Azərbaycan xalqının mənəvi sərvəti kimi hər zaman qorunacaq və inkişaf etdiriləcəkdir.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!
Səmil Şahlaroğlu
