
Bakı. Trend:
Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli
mərkəzinin açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, açılış
mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
və səhiyyə naziri Teymur Musayev iştirak ediblər.
Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında
xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə
maraqlanıb, hədiyyə təqdim edib.
Sonra Sümük iliyi nəqli mərkəzinin açılışı olub.
Yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyi
köçürmələrini həyata keçirəcək. Məlumat verilib ki, mərkəzdə 6
xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Həmin
infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan
yaradır.
Qeyd olunub ki, hazırda xəstəxananın tərkibində 8 çarpayılıq
hematologiya şöbəsi də xəstələrin ixtiyarındadır. Şöbədəki bütün
palatalar müasir HEPA filtrasiyalı pozitiv təzyiq sistemi ilə
təchiz olunub ki, bu da xəstələrin infeksiyalardan maksimum
qorunmasını təmin edir. Kimyaterapiya preparatlarının hazırlanması
biotəhlükəsizlik kabinlərində, hüceyrə toplanması isə müstəqil
aferes bölməsində aparılır.
Eyni zamanda, Qan bankı eritrosit, trombosit, plazma və digər
komponentlərin hazırlanması, o cümlədən qranulosit süspansiyonunun
əldə olunması imkanına malikdir. Köçürmə xəstələrinin
təhlükəsizliyi üçün “işınlama” və filtrləmə prosedurları mütəmadi
olaraq tətbiq edilir.
Qeyd edək ki, Sümük iliyi nəqli mərkəzi Nazirlər Kabinetinin
2021-ci il 20 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Donor
orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış
tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Qərara əsasən verilən lisenziya əsasında açılıb.
Xatırladaq ki, sümük iliyi və kök hüceyrə köçürülməsi müxtəlif
hematoloji və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan
müasir və effektiv tibbi prosedurdur. Kök hüceyrələr xəstənin
özündən (avtoloji) və ya donorundan (alojenik) əldə edilərək,
yüksək dozalı kimyaterapiya sonrası orqanizmə köçürülür. Məqsəd
xəstə sümük iliyini sağlam hüceyrələrlə əvəz etmək və qan
yaradıcılığını bərpa etməkdir.
