“Humanizmə əsaslanan dövlət siyasəti: müstəqil Azərbaycanın ən böyük amnistiya təşəbbüsü”

Cəmiyyət

Amnistiya institutu Azərbaycan dövlətçilik tarixində təkcə hüquqi mexanizm deyil, eyni zamanda humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan mühüm siyasi yanaşmadır. Müstəqil Azərbaycanın bu sahədə formalaşdırdığı dövlət siyasətinin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt dayanır. Ulu Öndər hüquqi dövlət quruculuğunu yalnız qanunların sərt icrası ilə deyil, həm də insan amilinin, mənəvi dəyərlərin və cəmiyyətin sağlamlaşmasının təmin olunması ilə mümkün hesab edirdi.
Heydər Əliyevin hakimiyyəti dövründə qəbul edilən amnistiya və əfv aktları ölkədə ictimai sabitliyin möhkəmləndirilməsinə, sosial barışın təmin olunmasına və minlərlə insanın yenidən cəmiyyətə inteqrasiyasına şərait yaratmışdır. Bu qərarlar hüquqi dövlətin əsas prinsiplərindən biri olan humanizm anlayışını real məzmunla doldurmuş, dövlətin öz vətəndaşına olan etimadını və qayğısını nümayiş etdirmişdir. Məhz bu yanaşma Azərbaycan dövlətçiliyində bağışlama mədəniyyətinin formalaşmasına güclü təkan vermişdir.
Ulu Öndərin bu siyasi irsi Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və sistemli şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı hüquqi islahatlar, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və insan hüquqlarının qorunmasına yönəlmiş tədbirlər amnistiya institutunun da daha geniş və əhatəli tətbiqinə imkan yaratmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə indiyədək qəbul edilən çoxsaylı amnistiya və əfv aktları minlərlə ailənin sevincinə səbəb olmuş, cəmiyyətə yeni ümid və inam bəxş etmişdir.
2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu humanist siyasətin məntiqi davamı olmaqla yanaşı, onun yeni və daha möhtəşəm mərhələsini müəyyən etmişdir. Məhz belə bir əlamətdar ildə Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi təşəbbüsü ilə çıxış etməsi təsadüfi deyil. Bu təşəbbüs dövlətin konstitusion dəyərlərə sadiqliyinin, suverenlik anlayışını yalnız ərazi bütövlüyü deyil, həm də vətəndaş rifahı və hüquqlarının təminatı kimi dərk etdiyinin bariz nümunəsidir.
İlkin məlumatlara əsasən, bu amnistiya aktının 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir ki, bu da onu müstəqil Azərbaycanın tarixində ən böyük və ən əhatəli amnistiya aktı kimi səciyyələndirir. Bu addım bir daha göstərir ki, Azərbaycan dövləti cəzanı məqsəd deyil, vasitə kimi qəbul edir və əsas məqsəd insanın islahı, onun cəmiyyətə faydalı üzv kimi qaytarılmasıdır. Amnistiya aktı yüzlərlə ailənin yenidən bir araya gəlməsinə, sosial ədalətin bərpasına və cəmiyyət daxilində inam mühitinin güclənməsinə xidmət edir.
Bu təşəbbüs eyni zamanda Konstitusiyanın ruhuna və mahiyyətinə tam uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqları, hüquqi dövlət və sosial ədalət prinsipləri bu amnistiya aktında öz real ifadəsini tapır. Dövlət–vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi, sosial həmrəyliyin gücləndirilməsi və milli birliyin təmin olunması baxımından bu qərar xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin humanist siyasətinin mühüm göstəricilərindən biri də ondan ibarətdir ki, bu cür təşəbbüslər yalnız daxili ictimai sabitliyə deyil, Azərbaycanın beynəlxalq nüfuzuna da müsbət təsir göstərir. İnsan hüquqlarına hörmət, hüququn aliliyi və sosial məsuliyyət prinsiplərinə əsaslanan bu yanaşma Azərbaycanın müasir, güclü və humanist dövlət modeli kimi tanınmasını bir daha təsdiqləyir.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə sadiq qalaraq Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu genişmiqyaslı amnistiya təşəbbüsü müstəqil Azərbaycanın tarixində humanist dövlətçilik ənənələrinin zirvəsi kimi dəyərləndirilə bilər. Bu qərar yalnız hüquqi akt deyil, eyni zamanda milli birlik, sosial barış və konstitusion dəyərlərə sədaqətin parlaq ifadəsi kimi tarixə düşəcəkdir.

Ramil Hüseynov,
YAP Salyan rayon təşkilatının ƏPT sədri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir