Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlət siyasətinin ali məqsədlərindən biridir. Bu sahədə möhkəm hüquqi bazanın formalaşdırılması müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş, hüquqi və siyasi sistemin təməli qoyulmuşdur. Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmış, insan hüquqlarının qorunması və cəmiyyətin sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi üçün əsası qoyulmuşdur.
Bu hüquqi baza üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl şəkildə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir. Dövlətin cəza siyasəti yalnız məhdudlaşdırıcı tədbirlərlə məhdudlaşmır, həm də islah, bağışlama və sosial ədalət prinsipləri üzərində qurulur. Bu yanaşma cəmiyyətin sağlamlaşdırılması, ailələrin qorunması və insanların yenidən cəmiyyətə inteqrasiyası üçün mühüm vasitədir.
Azərbaycan dövlətinin humanist yanaşması konkret rəqəmlərlə də təsdiqlənir. 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunmuş, bununla da minlərlə ailəyə sosial rifah və ümid gətirmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı isə 17 mindən çox insanı əhatə etmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanmış və 7 amnistiya aktı qəbul edilmişdir. Prezident İlham Əliyev dövründə isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanmış və 5 amnistiya aktı qəbul olunmuşdur, nəticədə ümumilikdə 71 əfv sərəncamı və fərmanı ilə 10 mindən artıq məhkum əfv edilmişdir. Bu statistika Azərbaycan dövlətinin humanist idarəçilik modelini və vətəndaşlara verdiyi ikinci şansın real təsirini nümayiş etdirir.
Amnistiya və əfv institutlarının sosial əhəmiyyəti xüsusilə ailələr üçün mühümdür. Cəza çəkən şəxsin ailəsi də faktiki olaraq sosial təzyiq altında qalır; valideynlər, həyat yoldaşları və uşaqlar həm maddi, həm psixoloji çətinliklərlə üzləşirlər. Dövlətin amnistiya yolu ilə bu yükü azaltması ailə institutunun qorunmasına, sosial parçalanmanın qarşısının alınmasına və cəmiyyətdə sağlam münasibətlərin formalaşmasına xidmət edir. Bu yanaşma, həmçinin, dövlətin vətəndaşlara qarşı humanist münasibətinin göstəricisidir və ailələri cəmiyyətin əsas dayağı kimi qəbul edir.
Cəmiyyət baxımından amnistiya və əfv təşəbbüsləri hüquqi mədəniyyətin formalaşmasına və sosial ədalətin güclənməsinə xidmət edir. İnsanların səhvlərdən nəticə çıxararaq yenidən cəmiyyətə qayıtması, sosial adaptasiya imkanlarının genişləndirilməsi və stigma faktorunun azaldılması dövlətin strateji hədəflərindən biridir. Bu proses cəmiyyətin qapalı və cəza yönümlü deyil, açıq, ədalətli və islahyönümlü model üzrə inkişaf etdiyini göstərir.
Eyni zamanda, amnistiya siyasəti dövlətin gələcəyə baxışını da əks etdirir. Sosial ədalətə əsaslanan yanaşma uzunmüddətli sabitlik üçün mühüm şərtdir. İnsanların cəmiyyətə yenidən inteqrasiyası və sosial barışın möhkəmləndirilməsi dayanıqlı inkişafın, hüquqi və humanist dövlətçilik ənənələrinin təməlini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən amnistiya və əfv aktları göstərir ki, Azərbaycan dövləti gücünü yalnız sərt tədbirlər üzərində deyil, etimad, humanizm və sosial məsuliyyət prinsipləri üzərində qurur.
Xüsusilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən son amnistiya təşəbbüsü bu ardıcıl siyasətin yeni mərhələsini ifadə edir. Bu addım göstərir ki, Azərbaycan dövləti Konstitusiyanı yalnız hüquqi sənəd kimi deyil, insan talelərinə birbaşa təsir edən canlı mexanizm kimi dərk edir. Suverenlik anlayışı burada vətəndaşın hüquq və ləyaqətinin qorunması ilə tamamlanır.
Bir sözlə, ötən dövr ərzində həyata keçirilmiş amnistiya aktları, əfv təşəbbüsləri və minlərlə vətəndaşın əhatə olunması Azərbaycan dövlətinin humanist idarəçilik modelini, hüquqi ədalət prinsipinə sadiqliyini və gələcəyə hesablanmış sosial siyasətini nümayiş etdirir. Bu siyasət cəmiyyətin bütün təbəqələrini əhatə edən, insan amilini mərkəzə qoyan və dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələrinin davamlılığını təsdiqləyir.
Eyni zamanda, bu proses göstərir ki, Azərbaycan dövlətinin siyasəti yalnız qanunların tətbiqindən ibarət deyil, həm də sosial ədalət, humanizm və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub. Dövlətin məqsədi cəmiyyətin sağlam, ədalətli və dayanıqlı inkişafını təmin etməkdir ki, bu da ölkəmizin uğurlu gələcək stratejisini formalaşdırır.
Məhərrəm Piriyev,
YAP Salyan rayon təşkilatının əməkdaşı
