Azərbaycan Respublikası Baş Prokururluğunun Kollegiya iclası keçirilmişdir

Hüquq



Martın 30-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilmişdir.
İclasdan öncə 1918-ci ilin mart – aprel aylarında erməni-daşnak millətçiləri tərəfindən Bakıda başlanan və bölgələrdə davam etdirilən soyqırım aktı zamanı 50 mindən çox azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərlə insanın öz doğma torpaqlarından didərgin salınması, onlarla şəhər və kəndlərin yandırılması, milli-mədəni abidələrin dağıdılaraq məhv edilməsi qeyd edilməklə miqyası və amansızlığına görə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli faciənin qurbanları və bütün şəhidlər ehtiramla anılmış, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və qazilərimizə şəfa dilənmişdir.
Xüsusi vurğulanmışdır ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 80 il sonra erməni millətçilərinin hərəkətlərinə ilk dəfə hüquqi-siyasi qiymət verilməklə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Kollegiya iclasında çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması istiqamətində aparılan möhtəşəm abadlıq-quruculuq işlərinin önəmini qeyd etmişdir.
Baş prokuror həmçinin işğaldan azad edilmiş rayonların prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və nəzarət tədbirlərinin gücləndirilməsi, aparılan islahatların tərkib hissəsi kimi “Elektron Prokurorluq” İnformasiya sisteminin yaradılması, onun Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il və 3 mart 2022-ci il tarixli fərmanlarından irəli gələn vəzifələrin, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir