Canni De Byazi: “Futbolda riyazi formullar işləmir” – MÜSAHİBƏ + FOTO

İdman

Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edir. Daha əvvəl Albaniya yığmasını çalışdırmış italiyalı baş məşqçi balkan təmsilçisini Avropa çempionatının final mərhələsinə aparmağı bacarıb.

Azərbaycan yığması De Byazinin rəhbərliyi altında Millət Liqasının son mövsümündə C liqasında Qazaxıstan, Belarus və Slovakiya ilə birlikdə yer aldığı qrupu ikinci pillədə başa vurub.

AVRO-2024-ün seçmə mərhələsinin startı ərəfəsində “Report”a müsahibə verən təcrübəli mütəxəssis milli komandanın formalaşdırılması, yeni oyunçuların cəlb olunması, qarşıdakı matçlar və bir sıra digər məsələlər haqqında sualları cavablandırıb.

– Qarşıdan AVRO-2024-ün seçmə mərhələsi gəlir. Bu tsikldə Azərbaycan millisi ilə konkret hədəfiniz nə olacaq?

– Məqsədimiz odur ki, ən yaxşı performansımızı göstərək. Çox çətin qrupdur, bizdən daha güclü rəqiblərə qarşı oynayacağıq. Bacardığımızın ən yaxşısını etməyə çalışmalıyıq.

– Qış fasiləsində Azərbaycan klublarının Antalyadakı təlim-məşq toplanışlarını izlədiniz. Demək olar ki, hər klubun düşərgəsinə baş çəkdiniz. Diqqətinizi çəkən yeni oyunçular oldumu?

– Milliyə namizəd olan bütün oyunçuları ölkə çempionatı matçlarında da diqqətdə saxlayırıq. Sadəcə ora getmişdim ki, görüm özlərini necə hiss edirlər, hazırlıqlar hansı səviyyədə keçir. Hər şeydən məlumatlı olmaq istəyirdim.

– Qarşıdakı seçmə mərhələ oyunlarında millinin heyətində yeni oyunçular görə biləcəyik? Xüsusilə də Şahruddin Məhəmmədəliyevin zədələnməsi fonunda “Sabah”dan Yusif İmanovun yığmaya dəvət almaq ehtimalı varmı?

– Yusif İmanovu bu dəfə əsas milliyə dəvət etməyi düşünürəm. “Sabah”la birlikdə əla mövsüm keçirir. Gəncdir, istedadlıdır, çox yaxşı perspektivi var. Azərbaycan futbolu üçün önəmli adlardan biri olacaq. Ondan başqa da bütün namizəd oyunçuları izləyirik, çıxışlarına baxırıq, hər zaman fikrimizdə ehtiyatda tutduğumuz kimlərsə olur. Birdən gözlənilməz hallarla qarşılaşdıqda, zədə, xəstəlik kimi amillərdə onların xidmətinə müraciət edə bilərik.

– “Neftçi”nin oyunçusu Azər Əliyev artıq Azərbaycan pasportu aldı, ondan əlavə, “Sumqayıt”ın yeni transferi Kamran Əliyevin də milliyə dəvət alması gözlənilirdi. Bu oyunçuların yaxın gələcəkdə millidə çıxışı mümkün olacaqmı?

– “Neftçi”də çıxış edən Azər Əliyevi çoxdandır izləyirəm. Artıq sənəd məsələsi həll olunub və lazım olduqda yığmada oynamaq üçün hansısa bir maneəsi yoxdur. Gələcəkdə milliyə çağırılması mümkündür. Kamran Əliyevə gəlincə isə, hələ sənəd olaraq tam olaraq azərbaycanlı statusu yoxdur. Onun sənəd işlərinin mart toplanışına qədər çatıb-çatmayacağına əmin deyiləm.

– Qrupda ilk oyunumuz səfərdə Avstriyaya qarşı olacaq. Artıq rəqibi təhlil etməyə başlamısınızmı? Oyunla bağlı planınız varmı?

– Keyfiyyət baxımından çox yaxşı, güclü komandadır. Son olaraq İtaliyaya yoldaşlıq matçında 2:0 hesabı ilə qalib gəliblər. Oyunçularının çoxu Bundesliqa, A seriyası, İngiltərə Premyer Liqasında, bəziləri “Zaltsburq”da çıxış edirlər. Əgər oyunçularım bu matça noyabrda olduğu kimi tam optimal formada gəlsələr, rəqiblə mübarizə apara bilərik.

– Digər rəqibimiz Belçika yığmasına yeni baş məşqçi təyin olundu. Həmyerliniz Domeniko Tedesko artıq bu komandanı çalışdıracaq. Ona qarşı mübarizə aparmaq çətin olmayacaq?

– Onu şəxsən tanımıram. Çünki həyatının böyük hissəsini Almaniyada yaşayıb. Əvvəl gənc komandalarda çalışırdı, daha sonra böyüklər arasında özünü sınadı. Almaniya Kubokunda qalib olduğunu xatırlayıram (“Leyptsiq”lə 2021/2022 mövsümü – red.), gənc olsa da, yaxşı, uğurlu karyerası var. Əgər Belçika millisinə onu təyin ediblərsə, əlavə nəsə deməyə gərək yoxdur. Üstəlik, Belçika oyunçu bazası olaraq da çox güclü ölkədir.

– Albaniyada işləyərkən sizə 4 il vaxt vermişdilər və bu müddətdə komandanı Avropa Çempionatının final mərhələsinə çıxarmağı bacardınız. Artıq 3 ildir Azərbaycandasınız. Sizcə, bu tsikldə artıq daha ciddi hədəflər haqqında düşünməyə başlamaq olarmı? Ya hələ o vaxta var?

– Təəssüflər olsun ki, futbolda belə riyazi formullar işləmir. Kənardan asan görünə bilər, amma sizin dediyiniz kimi yanaşsaq, gərək hər il eyni komanda çempion olsun. Düzdür, bu, Azərbaycanda tez-tez rast gəlinir, amma böyük çempionatlarda belə halla qarşılaşa bilmərik. Bizə gəlincə isə oyunlarımıza baxdıqda görünür ki, komanda çox inkişaf edib, artırıb. Amma Albaniya ilə Azərbaycan yığmalarının əsas fərqi odur ki, albaniyalı oyunçuların əksəriyyəti xarici ölkələrdə oynayırdılar. Onlar beynəlxalq təcrübəyə malik idilər. Burada isə elə deyil. İki ölkə futbolu arasındakı ən böyük fərq də elə bundadır.

– Xaricdə oynamaqdan söz düşmüşkən… Zaqreb “Dinamo”sunda oyun praktikası baxımından əziyyət çəkən Mahir Emreli artıq klubunu dəyişib və karyerasını Superliqada davam etdirəcək. Onunla bağlı nə düşünürsünüz?

– Ümid edirik ki, Emreli “Konyaspor”da daha çox oynayacaq. Onun stabil, fasiləsiz bir şəkildə meydana çıxması bizim üçün çox vacibdir. Əfsuslar olsun ki, “Dinamo”da az oynayırdı. Ola bilsin ki, özü zəif idi və ya əsas heyətdəki rəqibləri çox güclü idilər. Mən dəqiq bilmirəm bunun səbəbini, amma inanıram ki, Türkiyədə tez-tez oynayacaq. Onun martda milli komandaya yaxşı formada gəlməsi bizə çox lazımdır.

– Yəqin ki, Konfrans Liqasında “Qarabağ” – “Gent” matçını izlədiniz. Ağdam klubu necə təsir bağışladı?

– “Qarabağ” çox yaxşı çıxış etdi. Qol vurmaq üçün 3-4 real imkanı oldu. Onların yalnız birindən istifadə edə bildi. Düşünürəm ki, növbəti mərhələyə keçmək üçün səfərdə çox yaxşı şansları olacaq.

– Qarşıda bizi “Neftçi” – “Qarabağ” matçı gözləyir. Bu oyun milli komandanın heyətini formalaşdırmaq baxımından nə qədər önəm daşıyır?

– Millinin heyətinin formalaşması baxımından bütün oyunlar çox vacibdir. Bundan əvvəl “Sabah”la “Qarabağ”ın oyununu da izləmişdim, çox maraqlı, balanslı matç oldu. Düşünürəm ki, klublarımızın aralarındakı oyunlar nə qədər çətin olsa, bu, milli komandaya xeyirdir. Biz də öz növbəmizdə bütün oyunları, futbolçuları izləyirik, hər biri ilə yaxından maraqlanırıq.

– Çempionatdan söz düşmüşkən, Peşəkar Futbol Liqasının (PFL) həm əvvəlki, həm də yeni rəhbərliyinin vaxtında millidə işləmisiniz. Hazırda da fəaliyyətiniz davam edir. Sizcə, oyunların keçirilməsi, yarışların təşkili, çempionatın gedişatı ilə bağlı fərq varmı?

– Çox ciddi fərq görmürəm. Həm bundan öncəki, həm də hazırkı PFL rəhbərliyi ilə yaxşı münasibətim var. Onsuz da orada dəyişən sadəcə prezident oldu, heyət isə əvvəlkidir. Mənim yeni prezidentlə də, onun “sağ əli” Elgizlə də (PFL-in Texniki direktoru Elgiz Abbasovu nəzərdə tutur – red.) yaxşı əlaqələrim var. Hansısa məqamda bir-birimizə kömək etmək lazımdırsa, bunu mütləq edirik.

– Neytral şəxs kimi, sizcə, “Sabah” çempionluq uğrunda mübarizədə “Qarabağ”la sona qədər mübarizə apara biləcəkmi?

– “Sabah”ın çox yaxşı komanda olduğunu düşünürəm. Amma bununla belə, “Qarabağ” 10 illik sistemi, formalaşmış ənənəsi olan klubdur. Məşqçilər, rəhbərlik, oyunçuların əksəriyyəti uzun illərdir birlikdədirlər. Bu, “Qarabağ” üçün böyük üstünlükdür. Digər tərəfdən isə “Sabah”ın baş məşqçisi cəmi bir ildir təyin olunsa da, onlar sürətlə inkişaf edirlər, hər gün daha yaxşı oynayırlar. Əla oyunçuları var, amma heyif ki, çoxu xaricilərdir, azərbaycanlılar azdır. Onların oyunçuları bizə çox lazım olardı.

– Axı, “Sabah”ın heyətində Elvin Camalov, Amin Seydiyev, Bəxtiyar Həsənalızadə, Yusif İmanov, Aleksey İsayev, Anatoli Nuriyev, Namiq Ələskərov kimi yerli futbolçular da var. Bunların bəziləri start heyətinin daimi üzvləridir…

– Təbii ki, mən sizin sadaladıqlarınıza Ceyhun Nuriyevi, Tellur Mütəllimovu da əlavə edərəm. Amma əsas vacib məqam odur ki, çoxlu xarici oyunçu və keyfiyyətli yerli futbolçuların vəhdəti var. Onlar həm əsas heyətdə, həm də ehtiyat qüvvə kimi olduqca yararlıdırlar. Məsələn, “Neftçi”də ehtiyat qüvvə kimi yaxşı azərbaycanlı futbolçu yoxdur.

– Sonuncu sualım bir az şəxsi xarakter daşıyacaq. Avropada hazırda fəaliyyətini davam etdirən üçüncü ən yaşlı baş məşqçisiniz. Azərbaycan millisindən sonra karyeranızı bitirmək haqqında düşünürsünüz, ya hələ tamamlanmamış missiyanız qalıb?

– Ciddisiniz? Hansılardır ki, məndən daha yaşlı olanlar?

– Hazırda Kosovo milli komandasına başçılıq edən fransalı Alan Jiress (71) və Polşa millisinə yenicə təyinat alan portuqaliyalı Fernandu Santuş (68) sizdən daha yaşlıdırlar. Sizin isə artıq 66 yaşınız tamam olub…

– Mən axı onlardan çox cavanam (gülür). Zarafat bir tərəfə, mənə hələ də təkliflər gəlməyə davam edir. Xidmətimdə maraqlı olan komandalar var.

– Bu ki eksklüziv xəbərdir. Bəlkə bizimlə də bölüşəsiniz, kimdir sizinlə maraqlananlar?

– Bunun artıq bir önəmi yoxdur. Çünki mən onlara qəti şəkildə bildirmişəm ki, dekabr ayına qədər Azərbaycan millisi ilə müqaviləm var və burdan heç yerə getmək fikrim yoxdur. Təbii ki, qovmasalar.