Ançelotti “El-Klassiko”dan danışdı: “Revanş barədə düşünmürük”

İdman

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kubokunda “Barselona”ya qarşı keçirəcəkləri ilk yarımfinal oyunu haqda fikirlərini bölüşüb.

İtaliyalı mütəxəssis Superkubok matçındakı məğlubiyyətin revanşını almaq barədə düşünmədiklərini deyib:

“Biz matça inamla hazırlaşırıq. Həm müdafiədə, həm də hücumda yaxşı oynamaq üçün cəsarətli olmalıyıq. Biz finala yaxınıq və daha yaxşı olmağa çalışacağıq. İspaniya Superkubokunda üslubumuza və gücümüzə uyğun çıxış etmədik. Fərdi səhvlərimiz oldu və onların tez-tez təkrarlanması bizə təsir etdi. Bu dəfə eyni halın baş verəcəyini düşünmürəm. Çox vacib matçdır, amma həlledici oyun deyil. Müsbət nəticə qazanmağa çalışacağıq. Superkubokdakı məğlubiyyətin revanşı barədə düşünmürük. Sadəcə, kuboka yaxın olduğumuz üçün qalib gəlmək istəyirik”, – deyə Madrid klubunun rəsmi saytı Ançelottidən sitat gətirir.

Bu gecə keçiriləcək “El-Klassiko” Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.