Güləşçilərin reytinq cədvəli açıqlandı: Rafiq Hüseynov dünyanın birincisidir

İdman

Azərbaycan güləşçilərinin 24-27 fevralda Türkiyənin İstanbul şəhərində keçirilmiş Yaşar Doğu turnirindən sonra reytinq cədvəli açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, yunan-Roma güləşində dünya və Avropa çempionu Eldəniz Əzizli bu yarışda 60 kq-da çıxış etdiyindən, 55 kq-dakı reytinq cədvəlində dəyişiklik olmayıb və o, 3-cü yerdə qərarlaşıb.

63 kq-da Taleh Məmmədov bürünc medal qazanmaqla bir pillə yüksələrək 5-ci olub. O, 5 200 xal qazanaraq reytinq xalını 30 200-ə yüksəldib.

67 kq-da reytinq dəyişikliyi olmayıb. Azərbaycan əsilli Ukrayna güləşçisi Pərviz Nəsibov yenə 3-cüdür.

72 kq-da Ülvi Qənizadə turnirdə 10-cu olsa da, bir pillə irəliləyərək 7-ci olub. O, 5 480 xal qazanmaqla moldovalı Valentin Petiçi keçib.

77 kq-da dünya ikincisi Sənan Süleymanov İstanbulda da gümüş medal qazanıb və 3-cü sıraya qalxıb. 9 400 xal qazanan Sənanda indi ümumi reytinq xalları 46 400-ə bərabərdir.

82 kq-da olimpiya medalçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov İstanbulda türkiyəli əsas rəqibi Burhan Akbudaka 0:9 hesabı ilə uduzsa belə, yenə reytinqdə 1-cidir. O, bürünc medal qazanmaqla 5200 xal qazanıb və ümumi xal ehtiyatını 50 200-ə qaldırıb. Həmin turnirin qalibi Burhan isə 45 min xalla 2-cidir.

130 kq-da Azərbaycanı təmsil edən gürcü əsilli Beka Kandelaki gümüş medal qazanmaqla TOP-10-a düşüb. Yarımfinalda türkiyəli üçqat olimpiya mükafatçısı, dördqat Avropa və doqquzqat dünya çempionu Rıza Kayaalpa tuşe ilə qalib gəlməklə yerli auditoriyanı təəccübləndirmiş Beka 17 min xal qazanıb. İndi bu idmançının ümumilikdə 26 400 xalı var.

Turnirə bir idmançı istisna olmaqla Dağıstan əsilli güləşçilərlə qatılan sərbəst güləşçilərimizdən reytinqdə xüsusi yüksəliş göstərən olmayıb.

Qadın güləşində 59 kq çəki dərəcəsində çıxış edən Alyona Kolesnik bürünc medal qazanmaqla üç pillə irəliləyərək 7-ci yerə qalxıb. İndi onun 22 500 xalı var.

Qeyd edək ki, növbəti reytinq yarışı 2-5 iyun tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək. İlin sonunda reytinqdə ilk “3-lük”də olan idmançılara Ümumdünya Güləş Birliyi tərəfindən pul mükafatı verilir.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir