“Professor” Alim: “Qarabağ işğaldan azad ediləndən sonra ermənilər itiblər” – MÜSAHİBƏ

İdman

Ukraynanı təmsil edən Azərbaycan əsilli kikboksçu Alim Nəbiyev fevral ayının əvvəllərindən Bakıdadır. “Professor” ləqəbli 27 yaşlı idmançı müharibə ilə əlaqədar Ukraynaya qayıda bilmir. 

Oxu.Az saytı ondan müsahibə götürüb.

– Alim, ötən aydan Bakıda “Zabit Samedov” və “TT Fight” döyüş klublarında məşq keçirsiniz. Buraya gəlməkdə məqsədiniz nədir?

– “TT Fight” məşqçisi Şəhriyar Abbasov tələbəsi Nəriman Abbasovun döyüşdüyü Rusiyanın “AMC Fight Nights” təşkilatının sədri Kamil Hacıyevə məni təklif etmişdi. Mən də, qarşı tərəf də martın 18-də keçirilməli olan döyüşə razılıq vermişdik. Hətta müqavilə bağladığım “Glory” təşkilatından da bu döyüş üçün razılıq almışdım. Düzdür, “AMC Fight Nights” MMA döyüşləri keçirir. Ancaq onlar Rusiyada peşəkar kikboksinqi də populyarlaşdırmaq istəyirlər. Artıq bir dəfə belə döyüş gecəsi təşkil etmişdilər. İkincisini də Bakıda keçirmək istəyirdilər. Rəqibim də rusiyalı olmalı idi. Lakin pandemiya səbəbindən – kütləvi tamaşaçı sayına razılıq verilmədiyindən, Bakıda bu döyüşü keçirmək alınmadı. Daha sonra deyildi ki, apreldə Rusiyada döyüş keçirilsin. Ancaq bu müharibədən sonra mənim oraya getməyim mümkün deyil. Çünki mən Ukrayna vətəndaşıyam.

– İlk və sonuncu dəfə öz vətəninizdə 2014-cü ilin fevralın 23-də döyüşmüsünüz…

– Bəli, K-1 World MAX Final 4 turnirini Elnur Məmmədov təşkil etmişdi. Badr Hari kimi güclü kikboksçu Bakıya gəlmişdi. Onda ingiltərəli Çad Saqdenə hakimlərin qərarına əsasən qalib gəlmişdim. Ona görə ikinci dəfə Bakıda döyüş keçirmək istəyirdim. Ancaq qismət olmadı.

– Zabit Səmədov da sizin kimi Gürcüstan azərbaycanlısıdır. Lakin o, Belarusda, siz isə Ukraynada yaşamısınız. Bir-birinizlə tanışlığınız necə olub?

– Haradasa 20 ildir ki, bir-birimizlə əlaqə var. Bir turnirdə də iştirak etmişik. Başqa-başqa rəqiblərə qarşı döyüşmüşük.

– Belarusu təmsil edən azərbaycanlı kikboksçu Çingiz Əlləzov (yeri gəlmişkən, Alim 2012-ci il fevralın 22-də Moskvada keçirilmiş “Nokaut şou”sunda Çingizə uduzub – S.M.) da Gürcüstanda doğulub. Gürcüstan azərbaycanlılarının başqa ölkələri təmsil etməsinin xüsusi səbəbi varmı?

– Kikboksinqin K-1 versiyası Ukrayna, Belarus kimi ölkələrdə güclüdür. Orada sparrinq rəqiblər, yaxşı məşqçilər var. Görünür, səbəb budur. İndi orada öyrəndiklərimizi Azərbaycanda bizim idmançılara öyrətməyə hazırıq.

– Azərbaycan vətəndaşlığı almaq barədə müraciət etməmisiniz?

– Bir-iki dəfə bu haqda danışmışam. Özüm də istəyirəm ki, Azərbaycan adından çıxış edim. Çox istərdim ki, kikboksinq Olimpiadada yer alsa, Azərbaycan idmançısı kimi mübarizə aparım. Hələ 27 yaşım var. Olimpiadada döyüşmək üçün hələ yaşım və gücüm çatır. Mən əvvəl həvəskar kikboksinqdə döyüşmüşəm. 2012-ci ildə yeniyetmələr arasında WAKO üzrə dünya çempionu olmuşam. Amma Avropa çempionatında iştirak etməmişəm.

– “Glory” təşkilatında sonuncu dəfə ötən ilin oktyabrın 23-də amerikalı Troy Consu məğlub edib, kəmər döyüşünə namizəd oldunuz. Rəqibiniz bəllidir?

– Rus, mərakeşli və ya ingilisdən biri olacaq. Onların bir-birləri ilə döyüşü olmalıdır. Haradasa iyunda da kəmər döyüşü keçirilməlidir.

– 2018-ci ilin iyunun 2-də erməni rəqibiniz Harut Qriqoryana kəmər döyüşündə uduzdunuz. İstərdinizmi ki, onunla revanş döyüşünüz olsun?

– Əlbəttə, istərdim ki, yenə aramızda 5 raundluq döyüş keçirilsin. Amma indi o son iki döyüşündə uduzub deyə mənimlə qarşılaşması mümkün deyil. Həmin döyüş İngiltərənin Birminqem şəhərində keçirilmişdi. Ukraynalı məşqçimlə aramda narazılıq yaranmışdı. O onda məni atıb ora gəlməmişdi. Ona görə də tək qalmışdım, psixoloji cəhətdən zəif idim.

– Siz Ukraynanın Poltava şəhərində yaşayırsınız. Orada ermənilər çoxluq təşkil edir?

– Orada ermənilər çoxdur. Ancaq Qarabağ işğaldan azad ediləndən sonra gözümüzə görünmürlər, yoxa çıxıblar.

– Ötən ilin iyununda bizə müsahibənizdə demişdiniz ki, “Qəbələ” klubu ilə müqaviləniz başa çatıb. Bu klubla yeni müqavilə bağladınızmı?

– “Qəbələ” ilə hazırda heç bir müqaviləm yoxdur. Amma klub yaxşı maliyyə vaxtları olduğu vaxtda mənə ilk gündən dəstək olub. Təxminən 7 il əməkdaşlığımız olub. Ona görə də onların indiki maliyyə baxımdan pis olan durumunda bu klubu ata bilməzdim. Hazırda “Qəbələ” ilə müqaviləm olmasa da, onları döyüşdə bu komandanın formasında təmsil edirəm. Onlar da məni üzərində klubun loqosu olan forma ilə, Bakıda yaşamaq üçün şəraitlə təmin edirlər.

– Ümumiyyətlə, “Qəbələ” ilə münasibətlərin necə yaranıb?

– Klub rəhbərliyi ilə mənim Ukraynada yaşayan ortaq dostlarımız vardı. Onlar belə bir azərbaycanlı idmançının olduğunu “Qəbələ” tərəfinə bildirmişdi. Sonra görüşdük, tanış olduq. İlk dəfə 2 illik müqavilə bağladıq.

– Ukrayna vətəndaşı olsanız da, yarışlarda Azərbaycan bayrağı qaldırırsınız. Bu necə olur?

– Həvəskar yarışlarda hansı ölkənin vətəndaşısansa, o ölkənin bayrağını qaldırmalısan. Ancaq peşəkar döyüşlərdə belə deyil. İdmançıya milliyyətin haralıdırsa, o ölkənin bayrağını qaldırmağa icazə verilir.

– Oğlunuzun adını Anri qoymusunuz. Bu, Fransa millisinin və İngiltərənin “Arsenal” klubunun məşhur futbolçusunun soyadı ilə bağlıdır?

– Bəli. Mən “Arsenal” fanatı olmuşam. Ən sevimli futbolçum da Tyerri Anri olub. Ona görə də onun soyadını oğluma qoydum. Təəssüf ki, müharibə düşdü və ailəm Ukraynada qalıb. Mən isə ora gedə bilmirəm.

– Siz Bakıda olduğunuz müddətdə həm Nəriman Abbasovla, həm də Tofiq Musayevlə birgə məşq keçirirsiniz. Bu iki idmançının bir-biri ilə döyüş keçirməsinə necə baxırsınız?

– Məndən də bu haqda soruşurlar. Deyirlər ki, kim güclüdür?! Ancaq bunları döyüşdürmək düzgün deyil. Azərbaycanın 2 “tank”ı var. Niyə 2 “tank”dan 1 “tank” etmək istəyirsiniz?! Onları müqayisə etmək olmaz. Hər ikisi bizim fəxrimizdir. Onlar turnirdə bir bayraq – Azərbaycanınkını qaldırırlar. Həmin yarışlardakı çıxışlarına əsasən bilinəcək ki, kim güclüdür.

– Ancaq sizə onu deyim ki, hazırda məşqini keçdiyiniz zalın sahibi olan Zabit Səmədov ilk dəfə belə bir döyüşün keçirilməsini təklif edib…

– Bu, PR gediş də ola bilər. Bildiyim qədəri ilə belə bir döyüş olmayacaq.

Səbuhi Musa

Foto: Rəşad Mehdiyev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir