Hüseyn Məhəmmədov: “Kamran Ağayevin karyerasını başa vurmasına baxmayaraq…”

İdman

Azərbaycan milli komandası Novruz bayramından dərhal sonra səfərə çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv martın son həftəsini Maltada keçirəcək. Martın 25-də bu ölkənin yığmasıyla, 29-da isə eyni məkanda Latviya ilə yoldaşlıq görüşləri nəzərdə tutulub. İtaliyalı baş məşqçinin heyəti martın 18-19-da keçiriləcək 20-ci turdan sonra açıqlayacağı gözlənilir.

Hazırda millidə “1 nömrə” ilə bağlı vəziyyət qeyri-müəyyəndir. Bakıdakı son toplanışda – Lüksemburqla DÇ-2022-nin son seçmə oyununda və Qətərlə görüşdə düşərgədə üç qapıçı olub ki, onlardan Şahruddin Məhəmmədəliyev və Emil Balayev hazırda zədəlidirlər. Belədə De Byazinin kim(lər)ə dəvət göndərəcəyi maraq doğurur.

Fanat.Az bu haqda Azərbaycan yığmasının keçmiş qapıçısı Hüseyn Məhəmmədovun fikirlərini öyrəndik.

Veteran əlcək sahibi milliyə qapıçı seçimində narahatlığa əsas görmür:

“Açığı, bir müddət əvvələ kimi narahat idim ki, ölkədə qapıçı problemi var. Bu gün bir qədər pozitivəm. Kamran Ağayevin bu yaxında karyerasını başa vurmasına, Şahruddin Məhəmmədəliyevlə Emil Balayevin əməliyyat olunmasına baxmayaraq, yenə də seçim imkanının bolluğu narahatlığa əsas yeri qoymur. Premyer Liqa klublarının bir neçəsində “1 nömrə” məhz yerli qapıçıdır. Konkret, Səlahət Ağayev “Sabah”da, Nicat Mehbalıyev “Qəbələ”də, Mehdi Cənnətov “Zirə”də, Anar Bayramov “Sumqayıt”da müntəzəm çıxış edir. İki həftə əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionat oyununda 19 yaşlı gənc qapıçı Amin Ramazanovu start heyətində meydana buraxdı. Bir sözlə, naümid olmayaq. 

Fikrimcə, Canni De Byazi Mehdi Cənnətov, Səlahət Ağayev və Nicat Mehbalıyevə dəvət göndərə bilər. Çünki üçü də Premyer Liqada müntəzəm və inamlı çıxış edir. Düzdür, o birilərə baxanda Nicat bir qədər təcrübəsizdir. Millidə olmayıb. Amma ən azı dəvət almağı haqq edir. Çağırılsa, qalanı özündən, millidəki rəqabətdən, çalışqanlığından asılı olacaq”. 

Hüseyn Məhəmmədov bu üç qapıçından “1 nömrə” adına real namizədini də açıqlayıb:

“Nicatda bəyəndiyim əsas xüsusiyyət çox sərbəst olmasıdır. Fərqi yoxdur bir qol buraxıb və ya dördünü, təşvişə düşmür. Yəni soyuqqanlı və sərbəstdir. Bu, qapıçı üçün vacib məqamdır. Səhv hamıda olur, əsas odur sarsılmayıb komandaya faydalı olasan.

Səlahət digərləri ilə müqayisədə təcrübəlidir. Millidə xeyli oynayıb, komandaya köməyi dəydiyi oyunlar da olub. Fikrimcə, Mehdi və Nicatla müqayisədə “1 nömrə” olmağa o daha şanslıdır. Bununla belə, məşqçilərin Maltadakı oyunlara yanaşmasından da çox şey asılı olacaq. Yoldaşlıq görüşləridir, ola bilər ki, hamıya şans versin, qapıçıların da hamısını sınasın. Belə olsa, Nicata da debüt etmək imkanı verilə bilər. İstənilən halda, baş məşqçilərin qərarı həlledici olacaq”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.