“Qarabağ”ın aparıcı üzvü Abdulla Zubirin qardaşı Tarek Zubir də Azərbaycanda oynayacaq. Dünən “Zaqatala” ilə müqaviləyə qol çəkən yarımmüdafiəçi Sportal.az saytına müsahibə verib.
– Azərbaycana gəlişin necə baş tutdu?
– Son olaraq Gürcüstanda “Rustavi” klubunda oynayırdım. Belə təklif oldu, oradan da Azərbaycana gəldim.
– Bundan əvvəl Azərbaycan klublarından birinə keçmək variantın yaranmışdı?
– Düzünü deyim, bilmirəm. Çünki bu işlərlə mən məşğul olmuram. Agentim var, bu işləri o görür. Yəni hər şeyi daha yaxşı bilən agentimdi.
– Abdullanın bu məsələyə reaksiyası necə oldu?
– Təbii ki, qardaşım buna görə xoşbəxtdi. Özüm də Azərbaycana gəldiyimə görə xoşbəxtəm. Ümidvaram ki, “Zaqatala”da karyeram yaxşı alınacaq.
– Hər halda qardaşının burada oynamasına görə Azərbaycan futbolu barədə məlumatlı idin?
– Azərbaycan yaxşı futbol ölkəsidi. Həm də ölkənin vəziyyəti də xoşuma gəlir. Burada olduğuma görə şadam.
– Məqsədlərin arasında Azərbaycan Premyer Liqasında oynamaq var?
– Təbii ki, məqsəd daha da yuxarılara qalxmaqdı. Zaman göstərəcək hər şeyi.
– Qardaşınla birlikdə “Qarabağ”da oynamağı necə, planlaşdırırsan?
– Azərbaycanın ən böyük klubunda oynamağı kim istəməz? Bəli, qardaşımla oynamaq istəyərəm.
www.102info.az