UEFA Millətlər Liqasında pley-off oyunlarına start verilib.
Ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş dörd komanda – Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək uğrunda mübarizə aparırlar.
Moldova millisi Kişineuda Qazaxıstanla üz-üzə gəlib. Meydan sahibləri ilk yarıda önə keçsələr də, fasilədən sonra qonaqlar iki qol vuraraq, əzmkar qələbə qazanıblar – 2:1.
Estoniya yığması isə Tallində Kiprlə qolsuz heç-heçə edib.
Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar.
Bu görüşlər həmçinin Millətlər Liqasında cari mövsümün qruplarının tərkibinin dəqiqləşməsi baxımından da önəm daşıyır.
Moldova – Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.
Estoniya – Kipr cütünün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo, məğlub tərəf isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.
UEFA Millətlər Liqası, pley-off
İlk oyunlar
24 mart
Moldova – Qazaxıstan – 1:2
Qollar: İon Nikolaesku, 45+1 – Sergey Malıy, 63. Vyaçeslav Posmak, 79 (öz qapısına)
Estoniya – Kipr – 0:0
www.102info.az