Dünya çempionu: “Bir ay ərzində iki dəfə Prezidentlə görüşmək heç vaxt mənə qismət olmamışdı”

İdman

“Mən bir ay ərzində ikinci dəfə Prezidentin qəbulunda olurdum. Bildiyiniz kimi, martın 17-də U-23 millisinin məşqçisi kimi də görüşdə iştirak etmişdim. Sözün düzü, bu dəfə qəbul ediləcəyimizi gözləmirdim. Amma digər tərəfdən fikirləşirdim ki, iki millimiz birdən Avropa çempionu olub. Bəlkə də, qəbul edildik. Belə də oldu. Prezident növbəti dəfə bizi qəbul etməklə idmançıları daim diqqətdə saxladığını göstərdi”.

Bunu Oxu.Az-a dünya və Avropa çempionu, yunan-Roma güləşi üzrə millimizin məşqçisi Həsən Əliyev deyib.

32 yaşlı məşqçi aprelin 8-də Prezident İlham Əliyevin Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatının qalibi olmuş güləş milliləri ilə görüşündən danışıb. O bildirib ki, Prezidentin bir ay ərzində iki dəfə güləşçiləri qəbul etməsi “idman artıq ön planda deyil” deyənlərin yanlış fikirləşdiyinə bir cavabdır:

“Sözün düzü, cənab Prezidentlə görüşlərin sayını itirmişəm. Bu say, yəqin ki, 10-dan çox olar. Amma ayda iki dəfə görüşmək heç vaxt mənə qismət olmamışdı.

Bu görüş gənc idmançılara daha çox stimul verir. Ölkə başçısını görmək həm onlara, həm də bizə çox xoş olur. Son vaxtlar söz gəzirdi ki, dövlətin idman siyasəti bitdi, baş Qarabağa qarışıb. Amma bir ayda iki dəfə Prezidentin idmançılarla görüşməsi, maliyyə vəsaiti ayırması, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə öz tövsiyələrini verməsi onu göstərir ki, idman həmişə ön plandadır və lazımi dəstək olunur. Bilavasitə ölkə başçısının idmana dəyər verməsi çox xoş bir haldır”.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir