AFFA-nın yeni baş katibi: “Şəhriyar Məmmədyarovla iki dəfə qarşılaşıb, uduzmuşam” – EKSKLÜZİV

İdman

“Mən məşhur şahmatçılarımızdan Şəhriyar Məmmədyarov və Rauf Məmmədova qarşı oynamışam. Onlarla eyni nəsil şahmatçılardan olmuşam”.

Bunu Oxu.Az-a eksklüziv açıqlamasında AFFA-nın yeni baş katibi Sərxan Hacıyev deyib.

S.Hacıyev şahmatçı kimi çıxış etdikləri vaxtları xatırlayıb. O bildirib ki, Teymur Rəcəbovla oynamasa da, Şəhriyar Məmmədyarovla qarşılaşıb:

“Teymur Rəcəbovla heç vaxt, heç bir turnirdə qarşılaşmaq imkanım olmayıb. Belə ki, nəticələrim yaxşı olmadığı üçün onunla rəqib düşməmişəm. Amma Şəhriyar Məmmədyarovla iki dəfə qarşılaşıb, ona uduzmuşam. Sizə maraqlı bir fakt danışım. Qaxda yeniyetmələr arasında Azərbaycan çempionatı keçirilirdi. Mən də həmin turnirə yaxşı başlamışdım. Ardıcıl üç görüşdə qalib gəlmişdim. Şəhriyar da üç görüşdə uduzmamışdı. Təsəvvür edin ki, o və mən turnir cədvəlinin lideri idik. Şahmat sisteminə əsasən ən yaxşı nəticə göstərənlər bir-birləri ilə qarşılaşır. Ancaq Şəhriyarla oynayanda gördüm ki, bu artıq başqa səviyyədir. Ona uduzdum.

Ümumiyyətlə, yaxşı gedişlər etsəm də, zamanlamada hər zaman gecikirdim. Bir neçə gedişi öncədən fikirləşirdim deyə, vaxtım bitdiyi üçün uduzurdum. Zaman keçdikcə anladım ki, şahmatda uğur qazanmağım mümkün deyil. Məşqçim də mənə çatdırdı ki, vaxtında özümə gün ağlayım, ali təhsil alım. Beləcə, şahmatla vidalaşmalı oldum”.

O daha sonra hakimliyə necə başlamasından danışıb:

“Futbolla maraqlanırdım. Universitet illərim idi. Futbola olan həvəsimi bir yolla göstərmək istəyirdim. O vaxt AFFA-da hakimlər üçün elan verilmişdi. “Neftçi”bazaya gedib hakim olmaq istədiyimi dedim, kurslara yazıldım. Elçin Məmmədov və Ceyhun Haşımov bizə dərslər keçirdi. Onlar bizə heç hakimlikdə ağlıma gətirmədiyim şeylərə kimi izah edirdi. Məsələn, top havada olarkən partlayıb, qapıdan keçərsə, qolun qeydə alınıb-alınmayacağı ilə bağlı məsələlər. Mən uşaqların liqalarında hakimlik etmişəm. Həm baş hakim, həm də laynsman olmuşam. Hakimlik etmək çox ağırdır. Uduzan komandaların valideynlərinin təzyiqi ilə üzləşirsən.

Mən hakimliyi Əliyar Ağayev, Orxan Məmmədov, Rəhim Həsənovla bir yerdə etmişəm. Biz eyni nəsil hakimləri sayılırdıq. İndi hakim-inspektor olan Orxan Məmmədov o vaxt ən istedadlı gənc hakimimiz hesab olunurdu. Hakimliyi bitirməyimə gəlincə, hərbi xidmətlə əlaqədar oradan ayrıldım”.  

Xatırladaq ki, Sərxan Hacıyev 2022-ci ilin martın 17-də AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə baş katib təyin olunub. O bu vəzifədə indi AFFA-nın vitse-prezidenti olan Elxan Məmmədovu əvəzləyib.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir