İki ölkənin liderləri arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri Azərbaycan-Çin münasibətlərinin inkişafında müstəsna rol oynayıb

Baş səhifə Xüsusi Xəbər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” və digər sənədlər tərəfdaşlıq münasibətlərinin uzunmüddətli, dayanıqlı və davamlı inkişafını təmin edəcək. Azərbaycan və Çin diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verib və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi istiqamətində fəal iş aparıblar. Məhz iki ölkənin liderləri arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri Azərbaycan Çin münasibətlərinin inkişafında müstəsna rol oynayıb. Bu xüsusda, ötən illər ərzində aparılan fəal siyasi dialoq münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edib. Ölkələrimiz daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir Birgə Bəyanatda da qeyd olunduğu kimi, Azərbaycan Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə bəyan edir. Çin də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib, həmçinin ölkəmizin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə də bir daha “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini ifadə etdi. Azərbaycan ilə Çin arasında əməkdaşlıq çox zəngin gündəliyə malikdir. Xüsusən iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları olduqca genişdir. Bu gün Çinin beynəlxalq bazarlardakı mövqeyi hər kəsə məlumdur. Qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi işlər görən Azərbaycan bu sahədə Çinin təcrübəsindən yararlanmaq imkanına malikdir.

Ölkəmiz ötən illər ərzində strateji coğrafi yerləşməsini doğru qiymətləndirərək, Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktur layihələrini uğurla icra edib. Ölkə ərazisində mühüm magistralların, dəmir yollarının, hava və dəniz limanlarının tikintisi Azərbaycana Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala yük daşımalarını həyata keçirməyə imkan verir. Bu cür əlverişli infrastruktura malik Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Prezident İlham Əliyevin Sinxua agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Müsahibəsində Çin ilə Azərbaycan arasındakı ticarət tərəfdaşlığına toxunan Azərbaycan Prezidenti Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcminin 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollar təşkil etdiyini açıqladı. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Azərbaycanda hazırda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Azərbaycanın Qlobal Cənubdakı rolu və fəaliyyəti haqqında da danışan Prezident, ötən il Astanada ÇXR-in Sədri Si Cinpin ilə birlikdə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdiyimizi, sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində durmadan çıxış etdiyimizi vurğuladı və dedi: ‘Qlobal Cənubun maraqlarını müdafiə edən Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.

Müsahibəsinin sonunda bir daha geniş spektrli Azərbaycan-Çin əməkdaşlığına toxunan Prezident İlham Əliyev Çini dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biri adlandırdı. Prezident İlham Əliyevin və xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına səfərləri zamanı keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar bunu deməyə əsas verir ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. İnanırıq ki, bu səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcəkdir.

Sübhan Xəlilov

Salyan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru vəzifəsini icra edən, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir