“Cənab Prezidentin də söylədiyi kimi, hazırda dünyada gücün diplomatiyası var, diplomatiyanın gücü yoxdur”.
Bu fikirləri millət vəkili Fəzail Ağamalı “MediaPost”a Prezident İlham Əliyevin ölkənin altı aylıq sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərlə bağlı açıqlama verərkən deyib.
O bildirib ki, cənab Prezident İlham Əliyev olduqca sensasion, Azərbaycanın bu gününə və gələcəyinə hədəflənən, eləcə də bizə düşmən mövqeyi bəsləməyə davam edən hər kəsə bir daha özünün qətiyyətini və cəsarətini nümayiş etdirdi:
“44 günlük Vətən müharibəsi ərəfəsində də ölkə başçısı dünyanın müxtəlif telekanallarının hazır reseptləri ilə ölkəmizə gələn jurnalistləri çıxılmaz və gülünc vəziyyətə qoyaraq gücün vacibliyini nümayiş etdirmişdi. Vətən müharibəsi dövründə İrandan təhdidlər oldu, rus sülhməramlı qüvvələri vasitəsilə Azərbaycana güc tətbiq etməyə çalışıldı, Fransa diplomatiya müstəvisində özünün sərsəm fikirlərinə söykənərək Ermənistana yardım etmək məqsədilə BMT səviyyəsində ayrı-ayrı beynəlxalq qurumlar çərçivəsində Azərbaycana sanksiyalar tətbiq etmək təşəbbüsü ilə çıxış etdi. Amma onlar Azərbaycan xalqının iradəsinə söykənən Ali Baş Komandanın cəsarəti, yenilməzliyi və qətiyyəti ilə qarşılaşdılar”.
Millət vəkilinin sözlərinə görə, 6 ayın sosial-iqtisadi inkişafının yekunları Azərbaycanın durmadan dinamik inkişaf etməkdə olduğunu, öz maliyyə imkanlarını artırmaqda davam etdiyini, bununla yanaşı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, erməni vandallarının yerlə bir etdiyi, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, müdafiə qabiliyyətimizin güclənməsi üçün əhəmiyyətli addımlar atdığını göstərdi:
“Dəfələrlə söylədiyim kimi, Bermud üçbucağına bənzəyən İran, Rusiya və Ermənistan ən müxtəlif üsullarla çalışırlar ki, Azərbaycanı cənab Prezident demişkən, sındırsınlar, amma istənilən halda Azərbaycanın milli maraqları birmənalı olaraq prioritet vəzifə kimi qorunub saxlanılır. Burada ekofəalların böyük fədakarlığı da təqdirəlayiqdir. Cənab İlham Əliyevin analoqu olmayan hədəfə çatmaq üsulunun tətbiq olunması və sərt güc ilə yumşaq gücün vəhdətinin nəticəsi Ermənistanla sərhəddə, Həkəri çayının üzərində buraxılış sərhəd məntəqəsinin açılması oldu”.
