Artıq növbədənkənar prezident seçkisi Azərbaycan tarixinin son dərəcə əhəmiyyətli səhifələrindən biri kimi tariximizə və 50 milyonluq xalqımızın yaddaşına həkk olundu.
1991-ci ildən başlayan və 2024-cü ilin fevralında sona çatan çətin, keşməkeşli, torpaqlarımızın işğalı nəticəsində əmələ gələn ağır və sarsıdıcı durum, hakimiyyət uğrunda zorakılığa söykənən silahlı qarşıdurmalar, xalqın iradəsilə Ulu öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi və müstəqil milli dövlətçilik konsepsiyasının yaradılması və bunun möhkəm təməl üzərində həyata keçirilməsi və dövlətçiliyimizin güclənib, beynəlxalq nüfuzunun artması ilə səciyyələnən dövr 2020-ci il Vətən müharibəsi, 2023-cü il anti-terror əməliyyatı və bütün bunların məntiqi yekunu olan 2024-cü il 7 fevral seçkisində İlham Əliyevin inamlı qələbəsilə tamamlandı və geniş mənada Azərbaycanın strateji hədəflərinə yönələn yeni dövr, yeni eranın başlanğıcı qoyuldu.
Xalqımız dövlətinə bir daha sahib çıxdı. Yüksək siyasi fəallıq nümayiş etdirərək ermənilərin və onları himayə edən böyük güclərin ölkəmizin 200 illik işğalına son qoyan, respublikamızın ərazi bütövlüyünü və suverenliyini təmin edən, Vətən müharibəsinin Baş qəhrəmanı, Müzəffər və qalib sərkərdə, mahir diplomat, XXI yüzilliyin Dünya səviyyəli xarizmatik lideri, dövlət xadimi və siyasətçisi, Vətənsevər, xalqına bütün varlığı ilə, qırılmaz tellərlə bağlı olan, bəşəri dəyərlərə sədaqətini hər addımda planetimizə nümayiş etdirən İlham Əliyevə səs verməklə ona olan sonsuz inam, ehtiram, etibar və vəfa borcunu həyata keçirdi.
Xalqımız İlham Əliyevə səs verməklə Vətən müharibəsində və anti-terror əməliyyatında qazandığımız uğurları həzm etməyən Dünya erməniliyi və onun yanında yer alan anti-Azərbaycan düşüncəli siyasətçilər, yüksək ranqlı məmurlar və anti-milli ünsürlər üzərində özünün növbəti, möhtəşəm qələbəsini qazandı.
Seçkinin yüksək siyasi fəallıqla, şəffaf, azad və demokratik keçməsi, prezidentliyə namizədlər üçün bərabər imkanların və şəraitin yaradılması nümunəsi, bütün namizədlərin seçki prosesində nümayiş etdirdikləri dövlətçilik mövqeyi dövlətimizin və prezidentliyə namizədlərin məsuliyyətinin və siyasi mədəniyyətinin təsdiqi oldu.
Seçicilərin mütləq əksəriyyətinin səsini qazanan İlham Əliyevin bu qələbəsi gərgin əməyin, halal zəhmətin, qazandığı ümumxalq inamının və sevgisinin məntiqi nəticəsidir.
Cənab İlham Əliyevi prezident seçilməsi münasibətilə bir daha təbrik edir, şərəfli və məsuliyyətli missiyasında Dövlət Başçımıza yeni-yeni uğurlar və uca zirvələr fəth etməyi diləyirəm.
Fəzail Ağamalı
Millət vəkili
