İlham Əliyev və “Zayed İnsan Qardaşlığı” Mükafatı: Sülhün qlobal simvolu

Xüsusi Xəbər


4 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən mərasim real siyasətin və diplomatik iradənin təntənəsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilməsi və həmin ali mükafatın məhz Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən verilməsi hadisənin siyasi çəkisini qat-qat artırır. İki dövlət liderinin səmimi görüşü, əl sıxması və ali mükafatın təqdimatı zamanı nümayiş etdirilən qarşılıqlı ehtiram regionda formalaşan yeni strateji reallıqların vizual sübutudur.
Cənab prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin beynəlxalq ictimaiyyətə təqdim olunması deməkdir. Dövlətimizin başçısının mükafatlandırma mərasimindəki çıxışı bu təltifin mahiyyətini daha aydın şəkildə ortaya qoydu. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi və humanitar əməkdaşlığa başlanması Prezidentin çıxışında sülhün artıq praktik mərhələyə keçdiyini göstərən faktlar kimi səsləndirildi. Eyni zamanda, mərasimin Əbu-Dabidə keçirilməsinin rəmzi mənası da çıxışda xüsusi vurğulandı. Məhz burada aparılan danışıqların sonradan Vaşinqtonda tarixi razılaşmalarla nəticələnməsi BƏƏ-nin və onun Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın sülh prosesinə verdiyi töhfə kimi qəbul olunur.
Fevralın 4-də Əbu-Dabidə baş tutan mərasim həm də simvolik məna daşıyır. Birləşmiş Ərəb Əmirlikləri dünyada sülh və tolerantlıq mərkəzi kimi tanınır. Azərbaycan da eyni dəyərləri paylaşır. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri bu mükafatla daha da dərinləşir. Təqdimat mərasimində iştirak edən dünya liderləri, nüfuzlu din xadimləri və ictimaiyyət nümayəndələri Azərbaycanın uğurunu alqışlayırlar. Tarix sübut edir ki, dağıtmaq asandır, qurmaq isə çətin. Prezident İlham Əliyev ən çətin olanı seçdi və uğur qazandı.
Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirakı və Azərbaycanın bu quruma qoşulması ölkəmizin irəli sürdüyü sülh gündəliyinin qlobal səviyyədə qəbul olunduğunu təsdiqləyən mühüm faktdır. Mükafat komitəsi Prezident İlham Əliyevin regional sülhün təmin olunmasındakı rolunu vurğulamaqla yanaşı, onun qlobal sülhə verdiyi töhfələri də yüksək qiymətləndirib.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın əvvəlki laureatları arasında Roma Papası və BMT-nin Baş katibi kimi nüfuzlu şəxslərin yer alması Prezident İlham Əliyevin qlobal sülh və əməkdaşlıq sahəsində artan nüfuzunu bir daha nümayiş etdirir.
Azərbaycan-BƏƏ münasibətlərinin daha geniş geosiyasi əhəmiyyətə malikdir. Qlobal güc balanslarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında mühüm körpü rolunu gücləndirir. BƏƏ isə Bakını regionda sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edir.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri həm regional sülh gündəliyi, həm də Azərbaycanın regional və qlobal nüfuzunun daha da artması baxımından mühüm hadisədir: Bu proses Azərbaycan-Ermənistan münasibətlərinin iqtisadi rasionalizm mərhələsinə keçidini sürətləndirir və ölkəmiz üçün tranzit gəlirləri, enerji ixracı, investisiya axını və regional liderlik baxımından ciddi iqtisadi üstünlüklər vəd edir.
Şübhəsiz ki, Prezident İlham Əliyevə ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqı özü verib. Bu, etimad və sevgi mükafatıdır. O, Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi iki əsrdən bəri xalqımızın qarşısında duran ən çətin və ağrılı məsələnin həllinə nail oldu. İndi tam qətiyyətlə deyə bilərik ki, İlham Əliyev dövlətimizi uğurla gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etməyə qadir Liderdir.
2026-cı il 4 fevral tarixi Cənubi Qafqazın tarixində ağ səhifənin açıldığı gün kimi də xatırlanacaq. Prezident İlham Əliyevin qazandığı “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan xalqının qələbəsinin, müdrikliyinin və sülhsevərliyinin beynəlxalq səviyyədə təsdiqidir. Mövcud saziş regionu parçalanma təhlükəsindən xilas edərək vahid və təhlükəsiz gələcəyə aparır. Artıq dünya ölkəmizi qlobal sülhə töhfə verən, regionda sabitliyin qarantı olan qüdrətli dövlət kimi tanıyır.

Hüseyn Kərimov,
Salyan rayon Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir