Sarvan Cəfərov: “Aqrar sahədə ali təhsil alanların sayı artıb”

İqtisadiyyat

Azərbaycanda aqrar ixtisaslar üzrə ali təhsil göstəriciləri xeyli yüksəlib, ali məktəblərdə kənd təsərrüfatı ixtisasları üzrə təhsil alanların sayı son 10 ildə 2,8 dəfə artıb.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyəti çərçivəsində Bakıda keçirilən Azərbaycanda Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda nazir müavini Sarvan Cəfərov bildirib.

Bundan başqa, onun sözlərinə görə, ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb: “Nazirliyin tabeliyində olan elmi tədqiqat institutları təcrübə xarakterli, özəl şirkətlər isə kommersiya məqsədli “ağıllı istixana” və “ağıllı bağ”lar qurub, torpaq və su sensorları, “ağıllı” suvarma sistemləri, aqrodronlar, aqrorobotlar, “dəqiq” əkin texnologiyaları tətbiq edib. Aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin və şəffaflığının artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi ilə institusional islahatlar həyata keçirilib. Eyni zamanda aqrar sahənin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb, 2020-ci ildən başlayaraq bitkiçilik və heyvandarlıq sahəsində fermerlərə subsidiyaların alternativsiz olaraq yalnız EKTİS vasitəsi ilə verilməsi təmin olunub. Aqrar sığorta sahəsində də kompleks islahatlar həyata keçirilib. 2020-ci ildən həm bitkiçilik, həm də heyvandarlıq sahəsində yeni aqrar sığorta mexanizmi uğurla tətbiq edilir”.