Rusiya nefti və qazı bazardan çıxarılarsa: Avropa üçün təhlükə, Azərbaycan üçün gəlir – ŞƏRH

İqtisadiyyat

Ukrayna ətrafında baş verən geosiyasi gərginlik neft, bütövlükdə əmtəə bazarlarına təsir edib. ABŞ prezidenti Co Bayden Rusiyadan enerji idxalına qadağa qoyub. Böyük Britaniya isə 2022-ci ilin sonuna qədər idxalı dayandıracağını vurğulayıb. Qadağa ehtimalı hələ ötən aydan neftin qiymətini bahalaşdırıb.

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik.

Enerji analitikləri xəbərdarlıq edir ki, alıcılar Rusiya xam neftindən imtina etməyə davam edərlərsə, qiymətlər bir barel üçün 160, hətta 200 dollara qədər yüksələ bilər. Bu da ABŞ-da benzinin qiymətinin bir qallonunun (təxmini 4 litr) 5 dollardan çox olmasına gətirib çıxarır. Rusiya nefti və təbii qazına qadağa qoyulması Avropa üçün daha ağrılıdır.

Çünki Rusiya Avropanın təbii qazının, təxminən 40 faizini, neftinin isə dörddə birini verir. Avropa rəsmiləri asılılığı azaltmağın yollarını axtarırlar, lakin bunun üçün çox vaxt lazımdır. Bəs dünyada neftlə bağlı proseslər necə nəticələnəcək? Rusiyadan neft-qaz alınması tam məhdudlaşdırılarsa, nə baş verəcək?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Kaspi”yə açıqlamasında bildirdi ki, neft qiymətləri iqtisadiyyatın bərpası üçün müəyyən qədər risklər yaradır:

“Avropa bazarlarında neft və təbii qaz qiymətləri keçən illə müqayisədə kifayət qədər yüksəkdir. Eyni zamanda əlvan və qara metalların qiymətləri də durmadan artır. Təbii ki, dünya bazarlarındakı qeyri-müəyyən vəziyyət qarşıdakı aylarda həm enerji təhlükəsizliyinə, həm də xammal əmtəə bazarlarına müəyyən qədər təsir edəcək.

Yüksək neft qiymətləri nə istehsalçı, nə də istehlakçı dövlətlər üçün məqbuldur. Çünki bu qiymətlər müəyyən risklər də yaradır. İqtisadiyyatın bərpa prosesində sənaye, istehsal və nəqliyyat aktivliyinə mənfi təsir göstərir. Bu da inflyasiya risklərini artırır”.
 
Ekspert vurğulayır ki, bazarda yaranmış balanssızlığı tənzimləmək üçün neft hasil edən dövlətlər bazara sanksiyalaşdırılmış intervensiya etməlidirlər:

“Yəni buraya şəxsi maliyyə vəsaitləri qoymaqla iqtisadi təsir göstərilməlidir. OPEK və müttəfiq dövlətlər özlərinin hasilat siyasətində dəyişiklik etməlidirlər. Amerika artıq Rusiyanın enerji daşıyıcılarının idxalı ilə bağlı məhdudiyyətlər qoyub. Böyük Britaniya da Rusiya enerji daşıyıcıları ilə bağlı məhdudiyyətləri ilin sonuna kimi həyata keçirəcək”.

 

Məhdudiyyətlər davam edərsə, bazarda qeyri-müəyyən vəziyyətin yaranacağını bildirən mütəxəssis vurğulayır ki, ölkələr alternativ mənbələrə müraciət etməlidir:

“ABŞ Rusiyadan il ərzində gündəlik ortalama 199 min barrel xam neft, 471 min barrel neft məhsulları idxal edib. Rusiyanın Avropanın neft emalı zavodlarında da payı olduqca yüksəkdir. Avropadakı neft emalı zavodlarının böyük əksəriyyəti, əsasən də, İtaliya, Niderland, Polşa, Çexiya və digər dövlətlər Rusiyanın “Urals” markalı nefti ilə fəaliyyət göstərir.

Avropa dövlətlərinin əksəriyyətində mövcud emal yüklərinin gündəlik xammalla yüklənməsi “Urals”a hesablanıb. Təbii ki, bu məhdudiyyətlər davam edərsə, neft bazarlarında qeyri-müəyyən vəziyyət yaranacaq. Bazarda yüngül və ağır neftin balansını təmin etmək üçün əlavə mənbələrə üz tutmaq lazım olacaq. Bu boşluq hansı formada doldurulacaq, onu artıq qarşıdakı aylarda görəcəyik”. 

Ekspert hesab edir ki, neft bazarlarında ciddi problem yaşanmayacaq:

“Düzdür, malın çatdırılma müddəti baxımından müəyyən problemlər olacaq. Çünki Rusiyanın həm Baltik, həm də Qara dəniz limanlarındakı terminalları birbaşa Aralıq dənizi və Qara dəniz regionu ölkələri üçün nəzərdə tutulub.

Bütövlükdə, Baltik dənizi üzərindən şimal-qərbi Avropa ölkələrinin və ABŞ-ın ortalama neft ixracı 1,3 milyon barreldir. Qara dəniz üzərindən isə gündəlik 400 min barel xam neft Qara və Aralıq dənizi regionlarına ixrac edilir. Eyni zamanda “Drujba” neft kəməri vasitəsilə gündəlik ortalama 800 min barreldən yuxarı neft Şərqi Avropa ölkələrinə ixrac edilir.

Təbii ki, bu ixrac həcmlərini əvəzləmək üçün alternativ mənbələrə üz tutulmalıdır. Lakin malın çatdırılması baxımından problemlər yarana bilər. Yəni son məntəqəyə neft həcmlərinin çatdırılma müddəti nə qədər çox olarsa, neft təchizatında bir o qədər çox problemlər yaşanar. Qeyri-müəyyən vəziyyət ilin sonuna kimi davam edəcək.

Çünki həm ABŞ-dakı neft emalı zavodlarının orta ağır neftə ehtiyacı var, həm də Avropadakı neft emalı zavodlarının tənzimlənməsi orta ağır neftə hesablanıb. Əgər neft bazarlarında qeyri-müəyyənlik davam edərsə, onda yüngül və ağır neftin balansını qoruyub saxlamaq mümkün olmayacaq. Bu, artıq qeyri-müəyyənlik deməkdir”.

Azərbaycan neftinə gəldikdə, mütəxəssis vurğulayır ki, bu il neft ixracından əldə edəcəyimiz gəlirlər keçən illə müqayisədə kifayət qədər artıq olacaq:

“Azərbaycan neftinin ixracında və satış bazarında problemlər yoxdur. Narahatlıq yalnız Şimal ixrac kəməri ilə bağlı yaşana bilər. Çünki dəniz nəqliyyatı və beynəlxalq sığorta şirkətləri Rusiya neftinə maraq göstərmirlər.

Bu baxımdan, düşünürəm ki, Azərbaycan nefti şimal istiqamətində ixrac həcmlərini Bakı-Tbilisi-Ceyhana çevirməlidir. Ukrayna məsələsi olmasaydı belə, bu il ölkədə neftin satış qiymətləri, haradasa 82 dollar civarında dəyərləndirilirdi.

Lakin Ukrayna ətrafında baş verən hadisələr bu modeli bir az dəyişdi və yüksəlişə doğru getdi. Bu səbəbdən Azərbaycan neftinin satışında ciddi problem olmayacaq və gəlirlərimiz daha çox olacaq”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir