Ukrayna uğrunda münaqişədən iqtisadi cəhətdən udan tərəf kim olacaq?

İqtisadiyyat

Pərviz Heydərov yazır…

Dünyada indiyədək Rusiya Federasiyası qədər həm kəmiyyət, həm də sərtlik baxımından iqtisadi sanksiyalara məruz qalan ikinci bir ölkə olmayıb, yoxdur və çox güman ki, olmayacaq da.

Qərb tərəfindən tətbiq olunan bu sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrinə aiddir və elə bir sferası yoxdur ki, onu əhatə etməsin. Bütün xarici şirkətlər də ardıcıl olaraq fəaliyyətlərini dayandıraraq Rusiya bazarını tərk edir. 

Digərləri isə əməkdaşlığa son qoyur və sair…

Bütün bunlar özünün ilk mənfi nəticələrini artıq göstərməkdədir. Belə ki, sözügedən ölkədə maliyyə sabitliyi getdikcə daha sürətlə pozulur, inflyasiya və bahalaşma sürətlənir, istehsal çökməyə başlayıb, bütün digər makroiqtisadi göstəricilər üzrə müvazinət də pozulmağa doğru istiqamət götürüb.

Ancaq Rusiya iqtisadiyyatı tam olaraq diz üstə çökəcəkmi? Əsas sual bundan ibarətdir.

Yeri gəlmişkən, 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran da Qərbin Rusiya ilə münaqişəsi nəticəsində ortaya çıxmışdı. Bəzi ekspertlər bununla razılaşmasalar da qeyd olunan illərdə sözügedən böhranın ABŞ-da ipoteka kreditləşdirməsi sahəsində təşəkkül taparaq alovlandığını  yaddan çıxarmaq olmaz. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşdırılması bumeranqa çevrilərək ABŞ-ın maliyyə sferasına dəydi. Və elə bir partlayış törətdi ki, dalğası bütün dünyaya yayıldı.

Sözüm bunda deyil. Son hadisələr fonunda beynəlxalq reytinq agentlikləri də Rusiyaya münasibətdə rəylərini kəskin şəkildə aşağı salıb. Məsələn, “Fitch Ratings” agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) “B”dən “C”-yə endirib. Bundan əvvəl “Moody’s” agentliyi Rusiyanın reytinqini “B3”-dən “Ca”-ya endirmişdi.

Bütün bunlar isə Rusiya iqtisadiyyatının defolta doğru getdiyinin göstəricisidir.

Təbii ki, Rusiya bütün bunların nəticəsində illərlə geri düşdü. Yəni ki, müharibə dərhal dayanarsa və sanksiyalar ardıcıl olaraq geri götürülərsə belə, sözügedən ölkənin sanksiyalara qədərki vəziyyətə qayıtması üçün azı beş-on il vaxt tələb olunur. Əks halda isə, bu müddət 15-20 ilə bərabərdir.

Bütün bunlara rəğmən, bir məsələ də var: qlobal istehsalçıların və bazarın yeni idarəçilərinin meydana gəlməsi üçün şanslar yaranıb və yaranır. Belə ki, məlum olduğu kimi, dünya iqtisadiyyatı, xüsusən də sənayesi, əslində iki hissəyə bölünür ki, bunlar istehsalçı və istehlakçı, yaxud emaledici və hasiledici ölkələr sayılır.

Qərb və Avropa istehsalçı, emaledici ölkələrdir. O cümlədən, Çin, Yaponiya, Cənubi Koreya və sair ölkələr də. Yaxın Şərq ölkələri, Rusiya, ümumiyyətlə MDB ölkələri və digərləri isə resurs və istehlakçı ölkələr hesab olunur.

İstehsalçı və yaxud emaledici, yəni iri sənaye ölkələrinin birtərəfli qaydada bu və ya digər sanksiyalar yolu ilə istehlakçı və resurs ölkələrini tam olaraq çökdürə bilməsi mümkün deyil.

Çünki o zaman iri sənaye, emaledici və istehsalçı ölkələrin özlərinin də işləri istər-istəməz bərbad hala düşməli, qlobal miqyasda hasiledici-emaledici-istehsal-istehlak zənciri qırılmalıdır. Bunu anlamaq üçün alim olmaq lazım deyil.

Söhbət tam çöküşdən gedir…

Ümumiyyətlə, alıcıya qarşı qadağalar tətbiq etməklə satıcının işlərini asanlaşdırmaq qeyri-mümkündür. Bu mənada Rusiya dünya iqtisadiyyatı üçün nəhəng bazardır və inkişaf etmiş əsas sənaye ölkələrinin hər birinin məhsulları üçün “həzm orqanıdır”. Rusiya eyni zamanda kölgə iqtisadiyyatının yüksək səviyyədə inkişaf tapdığı ölkələrdəndir.

Bütün bu qeyd olunanlardan əlavə, bir cəhət də mövcuddur ki, Rusiyanın da əlində qarşı tərəfə təzyiqlər göstərmək üçün müəyyən iqtisadi alətlər var. Hansı ki, sözügedən ölkə bunlardan istifadəyə hələ əl atmayıb.

Məsələn, ABŞ-ın Rusiyadan enerjidaşıyıcılarının idxalına tətbiq etdiyi qadağa urana aid olunmadı. ABŞ-da 80 atom elektrik stansiyasından tam gücü ilə işləyən 60-ı ölkənin ümumi elektrik enerjisi istehsalında 20 faiz paya sahibdir. Bunun üçün tələb olunan nüvə yanacağının yarısı Rusiyadan, Qazaxıstandan və Özbəkistandan alınır.

Rusiya buna embarqo tətbiq edə bilməzmi?

Yaxud götürək Almaniyanı. Avropa iqtisadiyyatının aparıcı qüvvəsi və hegemonu sayılan bu ölkə Rusiyadan enerji asılılığına birdəfəlik son qoya bilməz və bilmir də. Ona görə də müəyyən sahələrdə, xüsusən enerji istiqamətində əməkdaşlığı qoruyub-saxlamağa məhkumdur. Rusiya logistik və digər çətinliklərə baxmayaraq satış bazarını dəyişə bilməzmi? 

Ümumiyyətlə, ötən şərhimdə də qeyd etdim: qlobal iqtisadiyyat Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda birinciyə qarşı tətbiq olunmaqda davam edən sanksiyalar nəticəsində getdikcə daha çox təsirlərə məruz qalır. Bu da özünü xüsusən enerji resurslarının bahalaşmasında büruzə verir. 

Odur ki, qlobal istehsal addım-addım dalana doğru irəliləyir.

Bu xüsusda real vəziyyət birbaşa olaraq məhz Çin iqtisadiyyatının gələcək xeyrinə işləyir desəm, səhv etmərəm. Qərb ilə Rusiyanın Ukrayna uğrunda “savaşı” nəticəsində Çin dünya iqtisadiyyatında liderliyi tezliklə ələ keçirəcək. 

Bir daha 2008-2009-cu illərdəki qlobal maliyyə-iqtisadi böhranını yada salmaq istərdim. Ötən şərhimdə də yazmışdım ki, 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı Ərəb Dövlətləri Liqası ABŞ ilə Qərbi Avropa ölkələrinə neft satışına embarqo tətbiq etdiyindən qiymətlər qalxdı. 1973-cü ilin oktyabrından 1974-cü ilin martınadək yanacaq böhranı yarandığından ABŞ-ın avtomobil sənayesində istehsal dalana dirəndi. 

Nəticədə Yaponiya istehsalı avtomobillərinin satışı artdı.

2008-2009-cu illərdə qlobal maliyyə-iqtisadi böhranı zamanı da ABŞ-ın avtomobil sənayesi “öldü” və yapon avtomobillərinin satışı artdı. 2011-ci ilin martında Yaponiyada baş verən sunamidən sonra isə vəziyyət dəyişdi.

Günümüzdəki Rusiya-Ukrayna münaqişəsində “udan” tərəf isə çox güman, ehtimal etdiyim kimi, Çin olacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.