Bakı-Tehran razılaşması: “Azərbaycanın gəlirləri artacaq” – MÖVQE

İqtisadiyyat

“Azərbaycanla İran arasında imzalanan sənəd regionda yeni nəqliyyat-infrastruktur layihəsinin reallaşmasını özündə ehtiva edir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Martın 11-də Azərbaycan və İran hökumətləri, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalayıb.

Memorandumun məqsədi Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədindən 5 km məsafədə keçəcək.

Deputat Vüqar Bayramov hesab edir ki, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin reallaşması ilə bağlı ikili oyun oynayır.

O bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin yubanmasına və ya reallaşmamasına çalışır.

“Ermənistandakı revanşist meyllər Ermənistanın özünün xeyrinə olan layihələrin mahiyyətini anlamaq istəmir. Nəticədə İran ərazisindən Zəngəzur dəhlizinin reallaşması həyata keçirilir”, – deyə Vüqar Bayramov əlavə edib.

Onun sözlərinə görə, yeni yol regionun inkişafına töhfə verəcək.

“Azərbaycanla İran arasında imzalanan sənəddə nəzərdə tutulan trafik Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Memorandum Azərbaycanın geosiyasi və geostrateji mövqeyinin daha da güclənməsinə xidmət edəcək. Eləcə də region üzərindən daşınacaq yüklərin həcmində artımlar müşahidə olunacaq.

Nəticədə Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərdə artım olacaq. Yeni sənəd Azərbaycan diplomatiyasının yeni qələbəsi kimi xarakterizə edilməlidir”, – deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir