Rəşad Nəbiyev: “Azərbaycanda yol qəzalarında ölənlərin sayı dünyadakı göstəricilərdən yüksəkdir”

İqtisadiyyat

“10 il əvvəl ilə müqayisə etsək, bu gün ölkədə istər mədəniyyət sahəsində, istərsə də yol hərəkəti ilə baş verən dəyişikliklər Azərbaycanda kifayət qədər sürətli inkişafın getdiyini göstərir”.

Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, dünyada hər il 1 milyon 300 min insan yol hərəkəti qaydalarının pozulması zamanı həyatını itirir:

“Bu hər 30 saniyədə bir insan ölümü deməkdir. Buna geniş miqyasda baxsaq, bir ailənin, nəslin faciəsi deməkdir. Yol hərəkəti qaydalarının pozulması, bu zaman həyatını itirən insanların ailələrinə dəymiş ziyan, eləcə də yol infrastrukturuna dəymiş ziyan ümumilikdə hər il təxminən 500 milyard ətrafında dəyişir.

Azərbaycanda ölkə başçısı tərəfindən 2019-cu ildə ölkədə yol hərəkəti sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Bu sənədə əsasən, Daxili İşlər Nazirliyinin rolunu xüsusi qeyd etmək istərdim, çünki onların fəaliyyəti nəticəsində irəliləyişlər əldə edirik”.

R.Nəbiyev inkişafa baxmayaraq, hələ də Azərbaycanda yol hərəkəti hadisələri nəticəsində həyatını itirənlərin statistikasından dolayı təəssüfləndiyini bildirib:

“Ötən il yol qəzalarında həyatını itirmiş şəxslərin sayı 834 nəfər olub. Bu, istər MDB, istərsə də dünya üzrə orta göstəricidən kifayət qədər yüksəkdir. Amma bu bizə imkan verir ki, qəbul edilən proqramlar çərçivəsində səhvlərimizi görək, onları təkmilləşdirək, bu günə qədər qazanılan uğurlara fokuslanıb, onları daha da irəli apara bilək”.

Könül Cəfərli