Rusiya Azərbaycana qoyduğu qadağaları aradan qaldırır: İxrac bazarında vəziyyət necədir? – FOTO

İqtisadiyyat

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, yaşayış məntəqələrini artilleriya və raket atəşinə məruz qoyması, yüzlərlə dinc ukraynalını qətlə yetirməsi dünya dövlətlərini Kreml rəhbərliyinə qarşı çevirib. ABŞ, Böyük Britaniya, həmçinin Avropa İttifaqı ölkələri Rusiyaya sərt sanksiyalar tətbiq edib. Qərblə idxal-ixrac əməliyyatlarından məhrum olan Rusiya alternativ variant kimi qonşu ölkələrlə ticari əlaqələri inkişaf etdirmək qərarına gəlib.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Rəsmi Moskvanın bu istiqamətdə atdığı addımlardan biri Türkiyə və Azərbaycandan idxal edilən kənd təsərrüfatı məhsullarına vaxtilə tətbiq olunan qadağaların aradan qaldırılmasıdır. Bu, Azərbaycanın Rusiya bazarlarına daha çox kənd təsərrüfatı məhsulları ixrac etməsinə imkan yaradacaq. Meyvə-tərəvəz istehsalçılarının daha çox gəlir əldə etməsi, ölkəmizə valyuta axınının çoxalması baxımından baş verənlər müsbət hal kimi dəyərləndirilməlidir. Amma bir məsələ də var ki, xarici bazarlara meyvə-tərəvəz ixracının artırılması daxili bazarda bəzi kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb ola bilər. Belə bir təhlükə nə dərəcədə realdır? Bahalaşmanın qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir? Ümumiyyətlə, Azərbaycanın Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının ixracı potensialı hansı səviyyədədir?

Mövzu ilə bağlı iqtisadçı millət vəkili Azər Badamov bildirib ki, Rusiya Azərbaycan üçün kənd təsərrüfatı məhsullarının ixrac olunduğu ən böyük bazardır. Deputatın sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi ilə bağlı Qərbin, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar bu bazarda mal və məhsullara tələbatı daha da artıracaq:

“Rusiyaya tətbiq olunmuş sanksiyalarla əlaqədar Türkiyə və Azərbaycandan idxal olunan məhsullara tətbiq olunmuş qadağalar aradan qaldırılıb. Bu, bizim Rusiyaya kənd təsərrüfatı məhsullarını ixrac etmək imkanlarını genişləndirir. İxracın artması daxili bazarda qiymət artımına gətirə bilərmi? Düşünürəm ki, yox. Baxmayaraq ki, Rusiya bazarına ixrac imkanlarımız genişlənir, bununla yanaşı, bu ölkənin milli valyutası olan rubl da kəskin dəyər itirir. Bu da Rusiya bazarında insanların alıcılıq qabiliyyətini aşağı salır. Rublun ucuzlaşması Rusiya bazarında qiymət artımlarına gətirib çıxaracaq. İxrac etdiyimiz məhsullar rublla satıldığından və rublun xarici valyutalar qarşısında kəskin ucuzlaşması fonunda, qiymətlər bizim ixracatçıları qane edəcəkmi? Bu sualın cavabı da müəyyən müddətdən sonra veriləcək”.

Millət vəkili əsas bazarımız Rusiyaya ixrac imkanlarının genişlənməsini müsbət hal kimi dəyərləndirib:

“Hər il müəyyən məhdudiyyətlər və qadağalar səbəbilə Rusiyaya ixrac edə bilmədiyimiz böyük həcmdə meyvə-tərəvəzimiz xarab olurdu. Bu da fermerlərimizə müəyyən maliyyə çətinlikləri yaradırdı. Bununla yanaşı, Rusiya bazarında imkanlarımızın genişlənməsi nəticəsində kənd təsərrüfatı məhsulları ilə daxili bazarımızı tənzimləmək və təmin etməyimizdə bir çətinlik yaranacağını düşünmürəm. Bu gün işğaldan azad olunmuş torpaqlarımız dövriyyəyə qaytarılır. Həmin torpaqlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsində innovativ üsullardan istifadə olunur. Bu da istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin kəskin artmasına gətirib çıxaracaq. Beləliklə, qeyri-neft məhsullarının artması, ixrac bazarlarının böyüməsi və genişlənməsi ölkə iqtisadiyyatının daha da güclənməsinə xidmət edəcək”.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə açıqlamasında deyib ki, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı zamanı tətbiq edilən fitosanitar nəzarət prosedurları yeni yaranmış şəraitdə daha da yumşaldılacaq. Direktorun fikrincə, artıq bəzi inzibati sədlər olmayacaq:

“Bu, potensial imkan yaradır ki, bizim Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının ixracı artırılsın. Bununla yanaşı, maliyyə-bank əməliyyatlarında, ödənişlərdə olan bəzi problemlər, Rusiyada rublun kəskin dəyər itirməsi ixracda müəyyən çətinliklərin yaranması deməkdir. Yaranmış bazar imkanı ilə bərabər, maliyyə-texniki problemlərin həllində də oturuşma baş verməlidir. Yalnız bu problem həllini tapdıqdan sonra ixrac həcmində artım sürətlənəcək. Yəni qeydə alınan problemlər yeni şəraitə uyğunlaşmalı, oturuşmalıdır. Bu, baş verərsə, yaranmış bazar imkanına uyğun olaraq Azərbaycandan Rusiyaya ixrac imkanı və həcmi artacaq. Ona görə də, ixracın kəskin artımı gözlənilmir. Belə olan halda, daxili bazarda hər hansı məhsul çatışmazlığından, bunun nəticəsində yarana biləcək qiymət artımından söhbət gedə bilməz. Ümumən, proses müəyyən bir stabilləşmə mərhələsinə qədəm qoymalıdır”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir