“2030-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq mümkün olmayacaq”.
“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Maryasin bu gün Bakıda keçirilən “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.
“BMT gələcəyə sistematik baxır. Bu gün biz Dayanıqlı İnkişaf Məqsədlərindən tamamilə geridə qalırıq. Bunu sizə əminliklə bəyan edə bilərəm. Belə bir durum qeyri-müəyyənlik yaradır. Bu o deməkdir ki, biz DİM-ə 2030-cü ildə çata bilməyəcəyik. Ona görə biz bu gün artıq ssenari haqqında düşünməliyik. Dünya ölkələri tərəfindən enerji, sosial müdafiə, su resursları ilə bağlı hansı işlər görülməlidir ki, biz dayanıqlı inkişaf məqsədlərinə nail ola bilək. Bu hədəflər bir daha nəzərdən keçirilməlidir. Proqnozlaşdırıla bilən gələcək haqqında düşünməliyik. Bu həmçinin özəl sektorun gündəlik reallığıdır. Bu ssenarini biz ancaq kollektiv şəkildə edə bilərik. Bu, BMT-də, o cümlədən SPECA səviyyəsində edilməlidir”, – deyə o qeyd edib.
SPECA ilə tərəfdaşlığın perspektivlərinə toxunan D.Maryasin regionun gələcəyini formalaşdıran məsələlərə xüsusilə diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb:
“Biz forum çərçivəsində tərəflərlə SPECA-nın tərəfdaşlıq və fəaliyyət platformasına çevrilməsi imkanlarını araşdırdıq. Düşünürəm ki, əgər SPECA növbəti 25 illik tərəfdaşlığa hazırlaşırsa ətraf mühit, su problemi, iqlim dəyişikliyi və sair məsələləri nəzərdən keçirməsi əhəmiyyətlidir”.