“Yaşıl enerji”nin inkişafı qeyri-neft sektorunda əlavə dəyər yaratmağa imkan verəcək

İqtisadiyyat

Azərbaycan bərpa olunan enerjinin istehsalını artırmaqla təbii qaz sərfiyyatını azalda bilər. Qənaət edilən təbii qaz isə metanol və karbomid istehsalına yönəldilməklə, qeyri-neft sektorunda əlavə dəyər yaratmağa imkan verə bilər.

Bunun “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, bu gün “yaşıl gündəm” dünya trendidir:

“Hesablamalara görə, dünya üzrə orta temperaturun 1 dərəcədən çox artması və karbon qazı tullantılarının həcminin artması təbii fəlakətlərlə yanaşı, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə, anomal istilərə gətirə bilər. Bu isə öz növbəsində dünyanın ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Bu mənada dünya iqtisadiyyatının “yaşıl enerji” yönündə transformasiyası daha da sürətlənəcək və 2050-ci ilə kimi dünyada istehsal edilən enerjinin üçdə ikisi bərpa olunan enerji hasabına alınacaq. Azərbaycanın bu prosesdən kənarda qalması mümkün deyil. Yanvarın 13-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində ölkə başçısının da vurğuladığı kimi bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. “Yaşıl enerji”yə keçid ölkəmizdə iqtisadi inkişafa və iqtisadi sabitliyə impuls verə bilər. Çünki bu keçid tam yeni texnologiyaların inkişafını nəzərdə tutur. Əlaqəli sahələrin formalaşması deməkdir”.

Ekspert hesab edir ki, ölkədə alternativ enerji infrastrukturunun formalaşdırılması məşğulun təmin olunmasına əhəmiyyətli töhfə verə bilər.

“Azərbaycanın xüsusilə külək və günəş enerjisi sahəsində böyük potensialı mövcuddur. Bu imkanlar müvafiq olaraq 3 min meqavat və 23 min meqavat həcmində qiymətləndirilir. Bizdə kifayət qədər dağ çayları var. Eyni zamanda bioenerji sahəsindəki imkanlarımız xüsusi qeyd edilməlidir. “Yaşıl enerji”yə keçid yeni iş yerlərinin açılmasını stimullaşdıra bilər. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) proqnozuna əsasən bərpa olunan enerji sahələrinə investisiyalar 2050-ci ilə kimi bu sektorda iş yerlərinin sayını 4 dəfə artıraraq 42 milyona çatdırmağa imkan verəcək. Bundan başqa təbii qaz sərfiyyatını azaltmaq imkanları yarana bilər. Qənaət edilən təbii qaz isə metanol və karbomid istehsalına yönəldilə bilər. Bu da öz növbəsində qeyri-neft sektorunda əlavə dəyər yaratmaqla büdcə gəlirlərini artırmağa imkan verəcək. Bərpa olunan enerji sahəsində infrastrukturun inkişaf etməsi ilə artıq qalan enerjinin toplanması imkanları genişlənəcək. Həmin enerji qonşu ölkələrə ixrac edilə bilər. Bu da yenə də dövlət büdcəsi üçün əlavə gəlir maddəsi deməkdir”, – A.Həsənli deyib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir