Azərbaycanın “yaşıl enerji” siyasəti – VİDEO

İqtisadiyyat

Enerji resursları ilə zəngin olmasına və dünyada ixracatçı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Elə “Yaşıl enerji”yə keçidlə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bu istiqamətdə atılan mühüm addımlardan biridir. 

Azərbaycan bununla enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, enerji istehsalı üçün sərf olunan təbii qazın və atmosferə atılan karbon emissiyalarının azaldılmasına nail olmağı hədəfləyir. 

Bərpaolunan enerjiyə keçid qısa zamanda baş verə bilməz. Bunun üçün uzun illər gərgin iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur. Qaz, neft, kömür kimi yanacaq növləri hələ bundan sonra da uzun müddət enerji balansında aparıcı yer tutacaq. Perspektiv planda Azərbaycan bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. 

Ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir. Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. 

Xəzər dənizinin ofşor külək enerjisi, işğaldan azad olunan torpaqların isə həm külək, həm də günəş enerjisi potensialını ölkə energetikasına qazandıra bilsək, o zaman dünyanın Xəzər dənizi və Qarabağı yenidən kəşf edəcəyini deyə bilərik. Digər tərəfdən alternativ enerji sektoru əmək tutumu yüksək olan sektordur və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bərpaolunan enerji sektorunun inkişafı, regionda yeni iş yerlərinin açılmasına da dəyərli töhfə verəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir