Rövşən Nəcəf Novruz bayramı münasibəti ilə neft-qaz sənayesi işçilərini təbrik edib

İqtisadiyyat

SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsinin icraçısı Rövşən Nəcəfin Novruz bayramı münasibəti ilə neft-qaz sənayesi işçilərini təbrik edib.

“İki sahil” qəzeti R.Nəcəfin təbrikini işıqlandırıb.

Təbrikdə deyilir:

“Əziz neftçilər!

Qədim tarixi köklərə əsaslanan Novruz Azərbaycan xalqının tarixi irsinin, zəngin dünyagörüşünün və ənənələrinin təcəssümü olaraq təbiətin oyanışı, ahəngdar yaşam tərzi, gələcəyə nikbin baxış, həmrəylik və dostluq kimi dəyərləri təşviq edir.

Ulu Öndər Heydər Əliyev Novruz ənənələrini dövlət bayramı səviyyəsinə yüksəltmiş, tariximizin, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunması üçün misilsiz xidmətlər göstərmişdir.
Novruz bayramı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi doğma torpaqlarımızda artıq ikinci ildir ki, böyük sevinc və qürur hissi ilə yenidən qeyd olunur. 20 mart 2021-ci ildə Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz təbrikinin məhz Şuşa şəhərindən çatdırması və Cıdır Düzündə bayram tonqalını alovlandırması xalqımızın ənənəvi Novruz sevincinə yeni məzmun və məna bəxş etmişdir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın səyləri nəticəsində Novruz bayramının 2009-cu ildə UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi, 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması bu bayramın bütün dünyada daha geniş tanınmasına və təbliğinə imkan yaratmışdır.

Əziz neftçilər!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Azərbaycan hərtərəfli inkişaf edir və beynəlxalq aləmin ləyaqətli üzvü olaraq ölkəmizin nüfuzu daim yüksəlir. Azərbaycan neft və qaz sənayesinin zəhmətkeşləri də bu qalibiyyətli yolda əzmlə addımlayır, vətənimizin və xalqımızın rifahı, daha xoşbəxt gələcəyi uğrunda öhdələrinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər. Əminik ki, neftçilərimiz bundan sonra da ölkəmizin iqtisadi qüdrətinə yeni-yeni töhfələr verəcək, bu məqsədlə əllərindən gələni əsirgəməyəcəklər.

Sizi xalqımızın birlik və həmrəyliyinin rəmzi olan Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edir və fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir