Ekspert: “Bu gün ilk növbədə ərzaq tədarükünün sabitliyi təmin edilməlidir” – FOTO

İqtisadiyyat

“Bu gün hökumətin əsas məqsədi daxili bazarı xarici təsirlərdən qorumaqla zəruri ərzaq məhsullarının təminatının və qiymətlərin sabitliyini təmin etmək olmalıdır”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

“Azərbaycan zəruri ərzaq məhsullarının bir hissəsini xaricdən alır. Ona görə dünya bazarından cərəyan edən proseslərin müəyyən mənada bizə də təsirləri qaçılmazdır. Qlobal miqyasda ərzaq məhsullarının qiymət artırmı gedir. Bunun bir sıra səbəbləri var, o cümlədən anomal hava şəraiti, koronavirusdan dolayı iqtisadi aktivliyin aşağı düşməsi, tədarük zəncirinin sıradan çıxması, enerji daşıyıcılarının kəskin bahalaşması və son olaraq Rusiya-Ukrayna münaqişəsi. Yəni, mövcud durumda daxili bazar üçün yarana biləcək xarici təhdidlərin minimuma endirilməsi prioritet olaraq qalır. Bu günə kimi hökumətin bu istiqamətdə sərgilədiyi strategiya zamanlama baxımından və mahiyyət etibarı ilə maksimal dərəcədə effektiv olub. Nazirlər Kabinetinin ötəngünkü qərarı da bu mənada istisna deyil”, – o bildirib.

Ekspert hesab edir ki, hökumətin bu cür qabaqlayıcı addımları zəruri ərzaq məhsulu ilə bağlı təminatda yarana biləcək problemləri minimuma endirmək baxımından çox əhəmiyyətli olacaq:

“Nazirlər Kabinetinin “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” dünənki qərarı ölkənin ərzaq təhlükəsizliyin təmin olunması baxımından çox düzgün və əhəmiyyətli addımdır. Bu gün əsas prioritet daxili bazarı və bununla da əhalinin rifahını xarici faktorların mənfi təsirlərindən qorumaq olmalıdır. Hökumətin son addımları məhz bu məqsədin reallaşmasına yönəldilib. Buna ixraca qadağa kimi deyil, proseslərə operativ müdaxilə etmək və etibarlı tənzimləmə mexanizmlərinin formalaşdırılması kimi baxmaq lazımdır. Bu gün qeyri-neft sektorunun sürətli inkişafı, neftin qiymətlərinin ölkəmiz üçün komfortlu olması, Azərbaycanın artan strateji valyuta ehtiyatları, effektiv büdcə planlaması istənilən xarici çağırışlara operativ və effektiv cavab verməyə imkan verir. Bu mənada Azərbaycanın tədarük zəncirində yarana biləcək qırılmaları alternativ kanallar hesabına operativ şəkildə bərpa etmək, daxili resursları səfərbər etməklə yarana biləcək boşluqları doldurmaq imkanları heç zaman olmadığı qədər genişdir”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir