Məlahət İbrahimqızı: “Ərzaq qıtlığı ilə bağlı ajiotaj üçün heç bir əsas yoxdur”

İqtisadiyyat

“Son illərdə dünyada baş verən pandemiya, 10 ildən çoxdur dünya ölkələrində davam edən maliyyə böhranı, inflyasiya, eləcə də bir müddətdir Rusiya-Ukrayna arasındakı müharibə bütün sahələrə ciddi təsir göstərib. Bütün bu sadalananlar iqtisadiyyat sahəsində çox ciddi problemlərə yol aça bilib”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” imzalanan qərarını Oxu.Az-a şərh edən deputat Məlahət İbrahimqızı bildirib ki, bu qərar ərzaq qıtlığının minimuma endirilməsində hökumətin operativ və həssas yanaşmasıdır:

“Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Ərzaq Təşkilatının, digər beynəlxalq təşkilatlar cari ildə və qarşıdakı ildə müəyyən çətinliklərin olacağına dair məlumat paylaşıblar. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu problemlərin ərzaq qıtlığına səbəb ola biləcəyi ehtimal edilir. Hazırda isə Rusiya-Ukrayna arasındakı müharibə buna səbəb olan ən önəmli amillərdən biridir. Bildiyimiz kimi, Rusiya ilə Ukrayna çox böyük taxıl istehsalçısı və ixrac edən ölkələrdəndir. Hər iki ölkə ilə Azərbaycanın yüksək səviyyəli münasibətləri olduğundan uzun illərdir ölkəmiz üçün lazım olan taxılın çox hissəsi bu ölkələrdən alınırdı. Yəni bir çox ölkələr taxıl olan tələbatının çox hissəsini Rusiya və Ukraynadan tədarük edirdi. Təəssüf ki, bu gün bu problem dünyanın probleminə çevrilib. Təbii ki, baş verən prosesləri görərək bütün dövlətlər öz əhalisinin ərzaq tələbatının və ehtiyatının təmin olunmasında məsuliyyət daşıyır”.

Ölkəmizdə də əhalinin ərzaq təminatını təmin etmək məqsədilə qabaqlayıcı tədbirlərin görüldüyünü deyən M.İbrahimqızı qeyd edib ki, əhalinin ən çox ehtiyacı olduğu taxıl və taxıl məmulatları, eləcə də istehlak edilən məhsullardır:

“Dövlət başçımız bu məsələyə hədsiz diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu günə qədər Azərbaycan əhalisi ərzaq qıtlığı ilə üzləşməyib. Hətta ən çətin zamanlarda, pandemiya dövründə bir çox ölkələrdə hətta Avropa ölkələrində ərzaq qıtlığı müşahidə ediləndə, bizim ölkəmizdə heç bir narahatlıq yaranmadı. Odur ki, sözügedən qərarla bağlı əhali arasında yaranan narahatlıq əsassızdır. Ölkə rəhbəri hər çıxışında dövlətimizin ən əsas prioritet məsələlərindən birinin əhalini hər cür risklərdən qorumaq, onun rifahının yüksəldilməsi olduğunu vurğulayır. Bu istiqamətdə də müvafiq qurumlar operativ olaraq zəruri tədbirlər həyata keçirir. 

Təbii ki, ərzaq qıtlığı ilə bağlı öhdəlik tək dövlətin deyil, biz vətəndaşların da üzərinə düşür. Çox təəssüf ki, hələ də ölkəmizdə ciddi israfçılığa yol verilir. Bunun qarşısını biz özümüz almalı və daha səmərəli şəkildə istifadəyə keçməliyik. Taxıl məhsulları və un məmulatları ilə bağlı daha ciddi nəzarət var. Bu günlərdə Milli Məclisdə hökumətin hesabatı zamanı Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı bu problemlə bağlı ətraflı məlumat və açıqlama verdi. Belə ki, o, dünyada və bölgədə yaranan vəziyyəti izah edərək, ölkəmizin bu problemlə üzləşəcəyini nəzərə alaraq, ciddi qabaqlayıcı tədbirlər planının hazırlandığını vurğuladı. Bu mənada Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda ölkəyə gətirilən ərzaq məhsulları, xüsusilə taxıl, taxıl məmulatları ilə bağlı aidiyyəti qurumlara ciddi tapşırıqlar verilib. İstənilən halda dövlətimiz eyni zamanda ölkəmizdə fəaliyyət göstərən qurumlar tərəfindən bu istiqamətdə birgə və konkret fəaliyyət həyata keçirilir”.

“Möhtəkirlərə və fürsətçilərə qarşı hər zaman mübarizə məqsədilə, eləcə də bayram günlərində ərzaq məhsullarının qiymətinin süni artırılmasına meyilli şəxslərə qarşı ciddi nəzarət var. Nazirlər Kabineti tərəfindən bu istiqamətdə ciddi addımların atılması üçün qərarlar verilib. Odur ki, vətəndaşlarımızın narahat olmasına eləcə də, ərzaq qıtlığı ilə bağlı ajiotaja heç bir əsas yoxdur. Məhz bu istiqamətdə verilən qərar bir daha onu göstərir ki, dövlət başçımız və dövlətimiz bütün məsələlərdə əhalinin təhlükəsizliyinin, eləcə də ərzaq təhlükəsizliyinin təmin olunması üçün mümkün olan qabaqlayıcı tədbirlər görür”, – deyə deputat sonda qeyd edib.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir