Ağdam Sənaye Parkında işlər hansı mərhələdədir? – AÇIQLAMA

İqtisadiyyat

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Ağdam Sənaye Parkında görülən işlərdən danışıb. 

O, Oxu.Az-a açıqlamasında bildirib ki, Park Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılıb və 190 hektar ərazini əhatə edir:

“Sənaye Parkının əsas prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır.

Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb”.

O bildirib ki, Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb:

“Əraziyə 10 kV-luq elektrik xətti çəkilib və 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb.

Sənaye Parkının işıqlandırılmasında Günəş enerjisindən qidalanan “Made in Azerbaijan” brendli panellərdən istifadə edilir.

Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. Topoqrafik planlama zamanı Parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib. Geoloji-tədqiqat işləri zamanı isə Parkın ərazisində süxurların tərkibi və litoloji təsviri, qruntun fiziki və mexaniki xüsusiyyətləri müəyyənləşdirilib”.

“Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

Artıq beş sahibkara Sənaye Parkının rezidenti statusu verilib. Bu beş rezident tərəfindən Sənaye Parkına 37 milyon manata yaxın investisiyanın yatırılması və 1000-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə E.Nuriyev əlavə edib.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentlik ölkədə fəaliyyət göstərən altı sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), dörd sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın idarəedici təşkilatıdır. Bundan başqa, Agentliyin nəzdində Peşə Təhsili Mərkəzi də fəaliyyət göstərir.

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.