Texnoloji şirkətlər planetin iqtisadi, siyasi vəziyyətini formalaşdırırlar

İqtisadiyyat

Ekspertlər deyirlər ki, trilyonluq şirkətlərin dünya siyasətinə, iqtisadiyyatına ciddi şəkildə təsiri var. Əgər əvvəllər neft, enerji ön planda idisə, dünya siyasətinin xəritəsini enerji təyin edirdisə, indi texnoloji şirkətlər planetin iqtisadi, siyasi vəziyyətini formalaşdırırlar.

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik:

“Apple” şirkətinin kapitallaşması 2018-ci ilin avqustunda 1 trilyon, 2020-ci ilin eyni dövründə isə 2 trilyon dollar bazar dəyərinə çatmışdı. Bu yaxınlarda isə 3 trilyon ABŞ dollarını ötdü. Beləliklə, dünyada bazar dəyəri 3 trilyon dollara çatan ilk şirkət oldu.
 
Böyümənin yaratdığı yeni reallıqlar
 
Dünya şirkətlərinin “1 Trilyon Dollar Klubu” adlı bir qruplaşması var. Burda bazar dəyəri 1 trilyon dolları keçən “Apple”, “Microsoft”, “Amazon”, “Alphabet Inc”, “Meta” şirkətlərinin adı keçir. Səudiyyə Ərəbistanının neft şirkəti olan “Saudi Aramco”nun da 1 trilyon 869 milyard dollarlıq bazar dəyəri mövcud olsa da, səhmlərinin çox az hissəsi birjada satışa çıxarılır.
Hazırda “Apple”in 3 trilyon dollarlıq bazar dəyəri İspaniya və İtaliyanın birgə ümumi daxil məhsuluna yaxındır. Yəni kapitallaşması dövlət maliyyəsi səviyyəsinə çatan şirkətlər var. Artıq milyon, milyardlıq deyil, trilyonluq kapitallarla dünyada fəaliyyət göstərirlər.
“Apple”la yanaşı, digər şirkətlərin də sürətlə böyüdüyünün şahidi oluruq. Bu böyümənin dünyaya yeni reallıqlar gətirdiyi bildirilir. O reallıqlar nələrdir? Dünyanı nələr gözləyir?
 
Amerikanı hegemon edən bir səbəb
 
İqtisadçı Xalid Kərimli deyir ki, bu gün Amerikanı dünya hegemonu edən əsas səbəblərdən biri də transmilli şirkətlərdir: “Dünyanın trilyonluq kapitalı olan şirkətlərinin siyahısında olanların hamısı texnoloji və Amerika şirkətləridir. Hazırda Amerikanın dünya hegemonu olmasının əsas səbəblərindən biri də bu şirkətlərdir. Yəni Amerika həm ödənişlər, həm fintex sahəsində, həm texnologiya inkişafı, texnologiyanın ixracı sahəsində dünyada bir nömrəli ölkədir. Çip istehsalı da, həmçinin. Dünyada çip istehsalının hamısı Amerika və Avropanın monopoliyasındadır. Bu ölkələr texnoloji sahəyə vaxtında yatırım etməklə çox irəli gediblər, indi də ciddi şəkildə rəqabət üstünlüklərinə malikdirlər və bunu inkişaf etdirirlər”.

“Əvvəllər neft, enerji ön planda idi”

 X.Kərimlinin sözlərinə görə, trilyonluq şirkətlərin dünya siyasətinə, iqtisadiyyatına ciddi şəkildə təsiri var: “Əvvəllər neft, enerji ön planda idi. Dünya siyasətinin xəritəsini enerji təyin edirdisə, indi artıq sürətli şəkildə texnoloji şirkətlər dünyanın iqtisadi, siyasi vəziyyətini formalaşdırırlar. Pandemiya dövründə ölkələr arasında qeyri-bərabərlik, cəmiyyətlərdə gəlir bölüşdürülməsi, ədalətsizlik daha da artıb. İndi bizim qarşılaşdığımız inflyasiya, ərzaq, qeyri-ərzaq məhsullarının bahalaşması pandemiyanın problemləri fonunda həmin o iri şirkətlərin apardığı siyasətin nəticəsidir. Yəni öz pullarını ucuzlaşdıraraq öz vətəndaşlarına, şirkətlərinə pul paylayırlar. Dünya isə bundan əziyyət çəkir”.
 
Ağıl, bilik, kapital, texnologiya, təhsil…
 
İqtisadçının sözlərinə görə, bu prosesin qarşısını almaq mümkünsüzdür: “Qloballaşmanın əleyhdarları da var, tərəfdarları da. Əleyhdarlar mitinq edirlər, piketə çıxırlar və s. Ancaq dünyanın indiki gedişatı bu cürdür. İkinci bir “Apple”, “Amazon” yarada bilmirik. Bu şirkətlərlə yanaşı yüzlərlə şirkət bazarlarda iştirak edir. Amma onlarla rəqabət apara bilmirlər. Bu, dünya düzənidir. Bunun qarşısının alınması dünya düzəninin dəyişməsi ilə nəticələnər. Buna ağıl, bilik, kapital, texnologiya, təhsillə nail olublar. Dayanıqlı üstünlüklər qurublar. Kapitalı, texnologiyası olan, informasiyanı idarə edən şəxslər həmişə udacaqlar”.

Sürətli böyümənin səbəbi

 IT mütəxəssisi Vahid Qasımov bildirdi ki, ağıllı sistemlərə keçid sürətli şəkildə getdiyi üçün hazırda dünya iqtisadiyyatının inkişafı IT sahəsində özünü daha çox göstərəcək: “Robotlar, avadanlıqlar, müxtəlif proqram təminatı ilə insan gücü vasitəsilə görülən işləri əvəz etmək faizi getdikcə böyüyür. Süni intellekt sistemlərinin istifadəsi ilə bəzi əqli ixtisasların da əvəz olunacağı isə bizə 10 ilə yaxındır ki, bəllidir. Elektron hökumətlə əlaqədar bir çox peşəni, ən azından bəzi funksiyalarını hazırda maşınlar əvəz edə bilir. Eyni şey yaxın 5-10 il ərzində mühasibləri, tərcüməçiləri və s. gözləyir. 30-35 faiz ixtisasın yaxın 10-15 il ərzində yox olacağı proqnozunu artıq veriblər. Bir çox ixtisasları texnoloji məhsullar əvəz edəcəyinə görə, aydın məsələdir ki, IT sektorunun inkişafı heç də təsadüfi deyil”.
 
Yeni güclü oyunçular çıxacaq
 
V.Qasımov deyir ki, düzgün siyasət aparan transmilli şirkətlərin daha da böyüyəcəyinin şahidi olacağıq: “Texnologiya şirkətləri dünyada bir neçə əldə cəmləşib. Onlar düzgün siyasət, strategiya apardıqları zaman daha da böyüyə bilərlər. Səhv strategiya apardıqları zaman isə onların kiçilməsi və yox olması mümkündür. “Motorola”, “Nokia”nın timsalında bunları müşahidə etmişik”.
V.Qasımov bildirdi ki, yaxın illərdə Çin və Koreyanın texnoloji şirkətləri də beynəlxalq aləmdə söz sahibi olacaqlar: “Hazırda bazarda əsas payı “Apple” əlində saxlayır. Ancaq Koreya və yaxud Çin istehsalçıları inkişaf edirlər. Ola bilsin ki, yaxın 5 il ərzində bazara yeni bir neçə güclü oyunçu çıxacaq. Onlar da bu sektorda söz sahibi olacaqlar”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir